Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələrini sosial şəbəkədə hədələyən şəxslərlə bağlı polis tərəfindən tədbir görülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal Rayon Polis İdarəsinə dəvət olunublar.
Onun sözlərinə görə, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.
Həmçinin onlar gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdar ediliblər.
Qeyd edək ki, “TikTok” sosial şəbəkəsində canlı yayıma çıxan şəxslərin ADMİU-ya yeni qəbul olunan tələbələri hədələdikləri əks olunan görüntülər yayılıb.
Canlı yayım zamanı həmin şəxslər lazım gəldiyi təqdirdə birinci kurs tələbələrinin üzlərinə fiziki xəsarət yetirəcəklərini bildiriblər. Onlar daha əvvəl də aşağı kurs tələbələrinə “dərs vermək” məqsədilə oxşar əməllər törətdiklərini və onların üzlərinə cızıqlar atdıqlarını iddia ediblər.
Məsələ ilə bağlı yayılan görüntülər araşdırılıb və polis tərəfindən müvafiq tədbirlər görülüb.


Şərhlər