Menu

Narkotik leqallaşdırılsın? - Komitə sədri deputatın təklifi ilə razılaşmadı

16.09.2026, 18:34
Narkotik leqallaşdırılsın? - Komitə sədri deputatın təklifi ilə razılaşmadı

“Narkotiklərlə mübarizənin gücləndirilməsinə ehtiyac olsa da, cəzaların sərtləşdirilməsi problemin həlli üçün effektiv vasitə deyil”.

"AzPolitika" Ölkə.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O, deputat Hikmət Babaoğlunun narkotiklərin daşınmasında istifadə olunan nəqliyyat vasitələrinin müsadirəsi və qanunvericiliyin sərtləşdirilməsi təklifinə münasibət bildirərkən qeyd edib ki, əsas diqqət hüquq-mühafizə orqanlarının peşəkarlığının və texniki imkanlarının artırılmasına, həmçinin beynəlxalq əməkdaşlığa yönəldilməlidir.

“İran və Əfqanıstanda narkotik satışına görə edam cəzası tətbiq olunur, amma narkotikin ən çox yayıldığı ölkələr sırasındadırlar”, - Q.Həsənquliyev vurğulayıb.

Onun sözlərinə görə, narkotik asılılığını yalnız əhalinin sosial vəziyyəti ilə əlaqələndirmək də düzgün deyil, çünki problem həm aşağı, həm də yüksək gəlirli ölkələrdə və müxtəlif sosial qruplar arasında yayılıb.

Q.Həsənquliyev sərhəddə aşkarlanan narkotik yüklərinin dərhal müsadirəsi əvəzinə, bəzi hallarda hüquq-mühafizə və xüsusi xidmət orqanlarının beynəlxalq koordinasiya çərçivəsində “nəzarətli göndəriş” metodundan istifadə etməsi təklifini irəli sürüb. Onun sözlərinə görə, bu metod narkotik yükünün son təyinat məntəqəsinədək izlənilməsinə və onu qəbul edəcək şəxslərin, eləcə də cinayət şəbəkəsinin digər üzvlərinin müəyyənləşdirilməsinə imkan verir.
“Sərhəddə yük tutulanda cinayət zənciri həmin nöqtədə qırılır. Onu son mənzil başına qədər izləmək lazımdır ki, malı kimin qəbul edəcəyi və strukturun kimlərdən ibarət olduğu aşkar edilsin”, - deputat bildirib.

Q.Həsənquliyev narkotikaya qarşı mübarizənin təkmilləşdirilməsini və müəyyən narkotik maddələrin satışının leqallaşdırılmasını təklif edib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin komitə sədri Arzu Nağıyev deyib ki, nəzarətli göndəriş, müxtəlif xüsusi xidmət orqanlarının koordinasiyası və narkotiklərin son ünvanadək izlənilməsi hüquq-mühafizə orqanlarının istifadə etdiyi üsullar arasındadır.

O, narkotiklərlə mübarizədə maarifləndirmənin əsas istiqamətlərdən biri olduğunu bildirib və bəzi ölkələrdə narkotik vasitələrin leqallaşdırılmasının ciddi nəticə vermədiyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol