Menu

Paşinyan qaz böhranından necə çıxacaq? – Ən rahat Azərbaycan variantdır, amma...

18.09.2026, 10:05
Paşinyan qaz böhranından necə çıxacaq? – Ən rahat Azərbaycan variantdır, amma...

Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini bazar qiymətləri səviyyəsinə qaldıra biləcəyi ilə bağlı xəbərdarlıqlar İrəvanda ciddi müzakirələrə səbəb olub. Baş nazir Nikol Paşinyan isə bu narahatlıqlara münasibət bildirərkən məsələni məşhur "Kikoşun ölümü" nağılına bənzədib. 

O, kədərli ehtimallarla yaşamağın doğru olmadığını vurğulayıb. 

"Bizim iş prinsipimiz Kikoşun ölümü məntiqi ilə hərəkət etmək deyil. Problem varsa, həll olunacaq",- deyə qeyd edib.

Paşinyanın bu bəyanatı Moskva tərəfindən Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacağı təqdirdə ucuz qaz güzəştlərinin ləğv ediləcəyi xəbərdarlıqlarının fonuna təsadüf edir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkənin qaz təchizatında alternativlər axtardığını gizlətməyib. O bildirib ki, Rusiya ilə yanaşı, İran, Türkiyə və hətta Azərbaycandan da qaz alışı imkanları nəzərdən keçirilir.

Mütəxəssislər Ermənistan üçün 3 əsas alternativ mənbəni fərqləndirirlər:

İran: Ölkə hazırda tələbatının 18%-ni İrandan ödəyir. İnfrastruktur modernləşdirilərsə, bu həcmi artırmaq mümkündür. Lakin kəmərin Ermənistan hissəsinə "Qazprom Ermənistan"ın (Rusiya) nəzarət etməsi əsas maneə hesab olunur.

Azərbaycan: Gürcüstandakı qaz boru kəmərləri vasitəsilə Ermənistana Azərbaycan qazının nəqli texniki baxımdan ən rahat variant sayılır.

Türkmənistan (Svap əməliyyatı): Türkmənistan qazının İran üzərindən dəyişdirilmə (svap) yolu ilə Ermənistana çatdırılması müzakirə olunur. Bu yolla tələbatın 20%-dən 40%-ə qədərini qarşılamaq mümkündür.

Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan qazın qiymətinin qalxmasının ölkədə inflasiyanı kəskin artıracağını və iqtisadi tənəzzülə (resessiyaya) səbəb ola biləcəyini bəyan edib.

Hazırda Ermənistan Rusiyadan gələn qazın hər 1000 kubmetrinə sərhəddə 175 dollar ödəyir və illik idxal 2,2 milyard kubmetri ötür. Qiymətlərin bazar səviyyəsinə qaldırılması halında İrəvanın illik qaz xərclərinin iki dəfədən çox artacağı təxmin edilir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol