Menu

Süni intellekt ABŞ-Çin savaşı çıxaracaqdı - İran müharibəsi zamanı baş verən maraqlı hadisə

19.09.2026, 13:44
Süni intellekt ABŞ-Çin savaşı çıxaracaqdı - İran müharibəsi zamanı baş verən maraqlı hadisə

ABŞ ordusu bir səhv kəşfiyyat hesabatı səbəbindən Yaxın Şərqdə Çinlə savaş vəziyyəti yaratmaq ərəfəsində olub. Bu hadisə ABŞ-İran müharibəsi zamanı baş verib.

“AzPolitika” xəbər verir ki, “CNN” öz mənbələrinə istinadla belə bir məlumat yayıb.

ABŞ ordusuna ötürülən kəşfiyyat hesabatında Yaxın Şərqdəki bir Çin gəmisinin nüvə silahı proqramı üçün komponentlər daşıdığı iddia edilib.

Hesabat yayıldıqdan sonra ABŞ ordusu gəmini ələ keçirmək üçün hazırlıqlara başlayıb. İki mənbəyə görə, artıq ABŞ əsgərləri gəmini ələ keçirməyə hazırlaşıb. Digər iki mənbə isə hərbi təyyarələrin artıq havaya qaldırıldığını bildirib.

Lakin ABŞ hakimiyyəti daha ətraflı araşdırmaya başladıqdan sonra əməliyyat dayandırılıb. Məlum olub ki, kəşfiyyat hesabatı süni intellektdən istifadə edilərək hazırlanıb və analitikin istifadə etdiyi çatbot Çin gəmisinin yükünü səhv müəyyən edib.

“CNN”-in məlumatına görə, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının bir analitiki gəminin yükü haqqında kəşfiyyat məlumatlarını təhlil etmək üçün çatbotdan istifadə edib. Sistem açıq mənbəli məlumatları ABŞ hakimiyyət orqanlarına təqdim edilən məxfi kəşfiyyat məlumatları ilə birləşdirib və nəticədə yük barədə səhv nəticəyə gəlib.

Gəminin əslində nə daşıdığını müəyyən etmək mümkün olmayıb. “CNN” həmçinin analitikin hansı süni intellekt xidmətindən - kommersiya çatbotundan, yoxsa ABŞ hökuməti üçün hazırlanmış sistemdən istifadə etdiyini müəyyən edə bilməyib.

Mənbə bu kəşfiyyat hesabatını "tamamilə yalan" adlandırıb və hadisənin "az qala müharibəyə səbəb olacağını" bildirib. Belə ki, ABŞ-nin Çin gəmisinə qarşı hərbi əməliyyatı iki ölkə arasında birbaşa münaqişə riski yarada bilərdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol