Otuz iki il əvvəl, 20 sentyabr 1994-cü ildə Bakıda imzalanmış sənəd bu gün sadəcə tarixi hadisə kimi qalmır. O, bir dövlətin öz suveren maraqlarını beynəlxalq müstəvidə hüquqi əsaslarla təsbit etmək iradəsinin konkret ifadəsinə çevrilib. Həmin gün qəbul edilən qərar nə taktik manevr, nə də müvəqqəti kompromis idi. O, mürəkkəb geosiyasi şəraitdə formalaşdırılmış, uzunmüddətli milli maraqların qorunmasına yönəlmiş strateji seçim idi.
Müqavilənin mahiyyəti yalnız hasilat həcmlərində deyil. Onun əsl dəyəri hüquqi konstruksiyasında gizlənir. Bu, klassik konsessiya modeli deyildi. Production Sharing Agreement prinsipi əsasında qurulmuş razılaşma idi. Dövlət yataqlara olan mülkiyyət hüququnu saxlayır, xarici tərəfdaşlar isə hasilat riskini və kapital qoyuluşunu öz üzərlərinə götürürdülər. Mənfəət neftinin bölgüsü, xərclərin bərpası mexanizmi və bonus ödənişləri elə tənzimlənmişdi ki, Azərbaycan həm ilkin mərhələdə maliyyə resursları əldə edə bilsin, həm də sonrakı dövrlərdə qiymət konyukturasından maksimum fayda götürə bilsin. Bu struktur o dövrdə region üçün qeyri-adi idi və məhz buna görə də bir çox ekspertlər onu riskli hesab edirdilər.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün ağır sınaq dövrü idi. Daxili sabitlik hələ möhkəmlənməmiş, iqtisadi sistem ciddi sarsıntılar keçirir, xarici təzyiqlər isə gündəlik reallığa çevrilmişdi. Belə bir mühitdə irimiqyaslı yataqların beynəlxalq konsorsiumla birgə işlənməsi barədə razılaşmaya getmək asan addım sayılmırdı. Buna baxmayaraq, Ulu Öndər Heydər Əliyev məhz bu mürəkkəb şəraitdə müdrik siyasi iradə nümayiş etdirdi. O, qısamüddətli qazancdan daha çox, ölkənin gələcək onilliklərini müəyyən edəcək hüquqi və iqtisadi mexanizm yaratmaq yolunu seçdi. Bu seçim özlüyündə cəsarət tələb edirdi. Çünki həmin dövrdə bir çoxları üçün daha ehtiyatlı, daha məhdud addımlar üstün görünürdü. Ulu Öndər isə daha geniş perspektivdən yanaşaraq, ölkənin uzunmüddətli maraqlarını ön plana çıxardı.

İqtisadi baxımdan diqqətçəkən məqamlardan biri də müqavilənin yaratdığı multiplikator effektidir. Birbaşa karbohidrogen gəlirlərindən əlavə, yerli podratçı şirkətlərin formalaşması, maliyyə sektorunun inkişafı, sığorta və logistika sahələrinin genişlənməsi kimi dolayı nəticələr də meydana çıxdı. Hasilatın artması ilə paralel olaraq valyuta daxilolmalarının sabitləşməsi milli valyutanın məzənnəsinə və ümumilikdə makroiqtisadi tarazlığa müsbət təsir göstərdi. Bu proseslərin əksəriyyəti geniş ictimaiyyət tərəfindən az müzakirə olunur, lakin məhz onlar ölkənin iqtisadi dayanaqlılığının formalaşmasında mühüm rol oynadı.
Keçən zaman ərzində bu seçimin doğruluğu dəfələrlə təsdiqləndi. Hər hansı strateji qərarın uğuru yalnız onun qəbul edildiyi anla ölçülmür. Əsas sınaq həmin kursun sonrakı illərdə necə qorunub saxlanılması və yeni şəraitə uyğunlaşdırılmasıdır. Bu baxımdan Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövrü xüsusi əhəmiyyət daşıyır. Mövcud razılaşmaların şərtlərinə sadiqlik, yeni yataqların işlənməsi, qaz sektorunun ön plana çıxarılması və enerji ixracı coğrafiyasının genişləndirilməsi – bütün bunlar əvvəlki siyasətin mexaniki təkrarı deyil, onun məntiqi və düşünülmüş davamıdır. Xüsusilə qaz istiqamətinin inkişafı iqtisadi baxımdan mühüm diversifikasiya addımı oldu. Neft gəlirlərinin təbii azalması riski qarşısında qaz ixracının artırılması ölkənin gəlir bazasını daha dayanıqlı etdi.
Bu gün 32 ilin yekununa baxarkən bir məqamı xüsusi qeyd etmək lazımdır. Hər hansı böyük qərarın dəyəri onun qəbul edildiyi dövrdəki cəsarəti ilə yanaşı, sonrakı nəsillərin həmin qərarı necə inkişaf etdirdiyi ilə də ölçülür. 1994-cü ildə atılan imza özlüyündə mühüm idi. Həmin imzanın arxasında dayanan siyasi iradənin sonrakı illərdə qorunub saxlanılması və yeni geosiyasi reallıqlara uyğunlaşdırılması isə daha az əhəmiyyət kəsb etmir.
Nihad Namazlı
Bakı Slavyan Universiteti, Beynəlxalq münasibətlər üzrə 4-cü tədris ili tələbəsi



Şərhlər