Neft daşınmasının qiymətində kəskin artım uzaq məsafələrə həyata keçirilən bəzi tədarükləri iqtisadi baxımdan əlverişsiz edib. Buna səbəb əlçatan supertankerlərin çatışmazlığıdır.
"Report"un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazıb.
Nəşr qeyd edir ki, bəzi marşrutlarda fraxt qiymətləri üç dəfə artıb. Belə ki, dünyanın ən böyük neft idxal edən regionu olan Asiyaya Hyustondan neftin çatdırılması hazırda bir barel üçün təxminən 26 dollara, yaxud bir partiya üçün 52 milyon dollara başa gəlir.
Bu, WTI markalı neft üzrə fyuçerslərin dəyərinin təxminən dörddə birinə bərabərdir. İranda müharibə başlamazdan əvvəl daşınma xərcləri yükün "ümumi dəyərinin cüzi hissəsini" təşkil edirdi.
Brokerlərin və bazar iştirakçılarının sözlərinə görə, onlar daha əvvəl belə supertanker qıtlığı ilə qarşılaşmayıblar: bəzi regionlarda boş gəmilər demək olar ki, yoxdur.
Yaxın məsafədən həyata keçirilən tədarüklərə yüksək tələbat Avropa bazarında da özünü göstərir. Brent fyuçerslərinin qiyməti təxminən 110 dollar/barel səviyyəsində pik həddə çatdığı vaxt Avropada Dated Brent markalı fiziki neftin qiyməti 131 dolları keçib.
Qıtlıq daha kiçik ölçülü tankerlərə də təsir edib. Asiya neft emalı zavodları ABŞ-dan həyata keçirilən bəzi tədarüklər üçün supertankerlərin əvəzinə təxminən 700 min barel tutumlu Aframax tankerlərindən istifadə etməyə başlayıb. Atlantik okeanı limanlarından neftin daşınması üçün isə bir VLCC əvəzinə hər birinin tutumu təxminən 1 milyon barel olan iki Suezmax tankeri fraxt edilir. Suezmax tankerlərinin gündəlik gəlirliliyi orta hesabla 300 min dolları ötüb.


Şərhlər