Menu

UKRAYNA ÜÇÜN “FREYJA” QALXANI – Kiyev səmasını necə qorumağa hazırlaşır?

22.09.2026, 09:57
UKRAYNA ÜÇÜN “FREYJA” QALXANI – Kiyev səmasını necə qorumağa hazırlaşır?

Rusiya - Ukrayna müharibəsi artıq dörd ildir ki, davam edir. Bu müddət ərzində cəbhədəki döyüşlərin intensivliyi, canlı qüvvə itkisi və hərbi resurslara olan tələbat əhəmiyyətli dərəcədə artıb. Hərbi ekspertlərin fikrincə, Rusiya ordusunun müqaviləli və digər kateqoriyalardan olan hərbçilərin cəlb edilməsi imkanlarının da müəyyən həddi var. Cəbhədə itkilərin artması və bununla bağlı məlumatların ictimaiyyətə çatdırılması isə müharibənin hər iki ölkə üçün yaratdığı insan resursları problemi gündəmdədir.

Bu baxımdan federal subyektlərinin rəhbərləri qarşısında orduya yeni hərbçilərin cəlb edilməsi ilə bağlı tapşırıqlar qoyulub. Hazırda əyalət rəhbərləri itirilən şəxsi heyətin yerini yeni hərbçilərlə əvəz edilir. Məsələn, iyun ayında Tatarıstanın başçısı Rüstəm Minnixanov Rusiya rəhbərliyinə bu respublikadan müharibə başlayandan indiyədək orduya 54 465 müqaviləli hərbçi göndərildiyi barədə məlumat vermişdi.

Ukrayna ordusu son dövrlərdə müəyyən uğurlar qazana bilib. Ukrayna ordusu Donetsk vilayətində “Vivaldi” kod adlı əks-hücum əməliyyatı ilə Rusiyanın nəzarətində olan 75 kvadratkilometr ərazini geri qaytarıb. Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri Andrey Biletski İtaliya bəstəkarı Antonio Vivaldinin “İlin fəsilləri” əsərini nəzərdə tutaraq bildirib ki, Vivaldinin dörd fəsli var, bu isə onlardan yalnız birincisidir. Ukrayna qoşunları yay ərzində Liman istiqamətində 240 kvadratkilometr ərazini geri qaytarıblar.

ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hazırladığı yeni hesabatda bildirilir ki, Ukrayna qoşunları təkcə 2026-cı ilin qış və yaz mövsümündə Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərində 745 kvadratkilometrdən çox ərazini azad ediblər. Əgər buraya Liman istiqamətindəki uğurları da əlavə etsək, təxminən 1000 kvadratkilometr ərazinin geri qaytarıldığını söyləmək olar. ISW analitiklərinin bildirdiyinə görə, Rusiya qoşunları mövcud irəliləyiş sürəti ilə Donetsk vilayətini 2032-ci ilə qədər tam nəzarətə götürə bilməyəcəklər.

Rusiya ordusu isə son dövrlərdə Kiyevə və digər iri şəhərlərə qarşı raket-dron hücumlarını intensivləşdirir. Bu hücumların əsas nəticələrindən biri mülki infrastrukturun və sosial həyatın ciddi şəkildə zərər görməsidir. Hücumların davam etməsi əhalinin gündəlik həyatına, enerji təminatına və ölkənin ümumi iqtisadi fəaliyyətinə mənfi təsir göstərir. Hazırda Ukraynanın ən zəif yerlərindən biri Rusiyanın ballistik raket zərbələrinə və reaktiv dron hücumlarına lazımi səviyyədə cavab verə bilməməsi, həmçinin özünün ballistik və qanadlı raket istehsalını hələ kütləvi hala gətirə bilməməsidir.

Ukrayna hərbi mühəndisləri reaktiv dronlara qarşı istehsal etdikləri antidron vasitələrinin hazırlanmasını uğurla başa çatdırmaq üzrədirlər. Amma ballistik raketlərlə mübarizə daha çətindir və bu məsələyə kompleks yanaşmaq lazımdır. Məsələnin əsas həll istiqamətlərindən biri Ukraynanın Avropa İttifaqı ilə birgə raketdən müdafiə sisteminin qurulmasıdır. Avropanın elmi-texniki potensialı ballistik raketlərə qarşı müasir sistemlər yaratmağa imkan verir. Lakin hansısa səbəbdən bu istiqamətdə proseslərin kifayət qədər sürətli getmədiyi müşahidə olunur.

Rusiyanın ballistik və qanadlı raketlərinə qarşı Ukrayna səmasının qorunmasında ABŞ hələ İranla müharibədən əvvəlki dövrlərdə də ehtiyatlı mövqe nümayiş etdirirdi. Vaşinqton müxtəlif səbəblərdən Ukraynaya lazımi səviyyədə “Patriot” sistemləri vermək məsələsində məhdudiyyətlərlə üzləşib.

Nəhayət, Ukraynanın israrlı təkidi və təşəbbüsü sayəsində Avropanın aparıcı ölkələri yeni və səmərəli HHM sistemlərinin birgə istehsalına razılıq veriblər. FREYJA adlandırılan layihənin məqsədi Avropanın müstəqil şəkildə ballistik raketlərdən qorunmasını təmin edə biləcək yeni imkanların yaradılmasıdır.

İndi maraqlı sual yaranır: Avropada NASAMS, IRIS-T və SAMP/T kimi sistemlər olduğu halda, FREYJA layihəsinə hansı səbəbdən ehtiyac yaranıb?


Norveçin “Kongsberg Defence & Aerospace” şirkəti tərəfindən istehsal olunan NASAMS qısa və orta mənzilli HHM sistemidir və əsasən AMRAAM və AIM-9X raketləri ilə təchiz olunur. Bu sistemin əsas özəlliyi qırıcı-bombardmançı və hücum təyyarələrinə, qanadlı raketlərə və dronlara qarşı effektiv olmasıdır. Variantından asılı olaraq hər bir raketin orta qiyməti təxminən 1,5 milyon dollara başa gəlir.

Almaniyanın “Diehl Defence” şirkətinin istehsalı olan IRIS-T SLS və IRIS-T SLM sistemləri Ukraynanın hava müdafiəsində xüsusi yer tutur. IRIS-T SLM-in üstünlüklərindən biri onun müxtəlif sensorlar və komanda-idarəetmə sistemləri ilə şəbəkə şəklində işləyə bilməsidir. Sistem təyyarələrə, helikopterlərə, qanadlı raketlərə və dronlara qarşı istifadə edilə bilər. Bu baxımdan IRIS-T SLM sistemi müəyyən mənada NASAMS-a yaxındır. Amma IRIS-T SLM-in başlıca missiyası orta mənzilli hava müdafiəsi olduğu üçün onun ballistik raketlərə qarşı imkanları “Patriot PAC-3” səviyyəsində deyil. Ballistik raketlər yüksək sürətə və qanadlı raketlərdən fərqli uçuş trayektoriyasına malik olduğundan onların vurulması IRIS-T sistemləri üçün daha çətindir. IRIS-T orta mənzilli raketinin qiyməti təxminən 800 min dollardır.

Fransa və İtaliyanın müştərək istehsalı olan SAMP/T sistemləri daha uzaq məsafəli hədəfləri dəf etmək üçün nəzərdə tutulub. Bu sistemin yeni versiyası “Aster 30 B1” raketləri ilə təchiz edilib və ballistik raketlərə qarşı da istifadə oluna bilər. Amma bu sistemdə istifadə edilən raketlər də bahalıdır və onların qiyməti təxminən 3 milyon dollardır.

FREYJA layihəsi barədə rəsmi məlumat verilərkən əsasən məqsədin ABŞ-ın “Patriot” HHM sistemlərindən daha ucuz başa gələcək alternativ yeni nəsil raketlərin hazırlanması olduğu bildirilir. Bir tərəfdən bu yanaşma xərc baxımından əhəmiyyətlidir, digər tərəfdən isə məsələnin mühüm tərəflərindən biri Ukraynanın və eləcə də Avropanın ABŞ-dan asılılığının azaldılmasıdır. FREYJA layihəsi əsas etibarilə Ukraynanın “Fire Point” şirkəti tərəfindən hazırlanan FP-7 anti-ballistik raketlərinin Avropanın müvafiq sistemləri ilə şəbəkəli inteqrasiyası üzərində qurulacaq. Bu raketlərin hər birinin qiymətinin təxminən 700 min dollar olacağı bildirilir. Müqayisə üçün, “Patriot PAC-3” raketinin bir ədədinin qiyməti təxminən 5 milyon dollardır.

Bu layihəyə əsasən bütün şirkətlərin başlıca funksiyası ümumi kompleksin tərkib hissələri kimi bir-birini tamamlayan inteqrasiya olunmuş HHM sistemi hazırlamaqdır. Şirkətlər radar texnologiyalarını, komanda-idarəetmə, sensor-tuşlama sistemlərini və digər texnoloji elementləri vahid sistemdə birləşdirməyə çalışırlar. Avropalı mütəxəssislər bütün təcrübə və bilikləri ümumiləşdirərək daha ucuz raketlərlə təchiz olunacaq HHM kompleksi yaratmaq istəyirlər.

Avropa İttifaqının müdafiə və kosmos üzrə komissarı Andryus Kubilyusun sözlərinə görə, Avropa Ukraynaya veriləcək 90 milyard avroluq maliyyə yardımından FREYJA layihəsinin həyata keçirilməsi üçün xüsusi vəsait ayırıb. Ukraynanın təşəbbüsü olan bu layihənin reallaşmasında Ukraynanın “Fire Point”, İsveçrənin “Weibel Scientific”, Almaniyanın “Diehl Defence” və “Hensoldt”, Norveçin “Kongsberg Defence & Aerospace”, Fransanın “Thales” və “Safran”, İtaliyanın “Leonardo”, İspaniyanın “Sener”, İsveçin “Saab” şirkətləri iştirak edirlər.

FREYJA-nın saniyədə 2 kilometr sürətlə hərəkət edən ballistik hədəfləri 80 kilometrə qədər məsafədə, stratosferdə zərərsizləşdirməsi nəzərdə tutulur. Mütəxəssislərin fikrincə, “Fire Point” şirkəti tam istehsal gücü ilə ildə təxminən 2000 raket hazırlaya bilər və bu kompleksin Ukrayna ordusunun döyüş imkanlarına bir ildən sonra daxil ediləcəyi gözlənilir.

FREYJA layihəsi ildə 2000 ədəd nisbətən ucuz raket istehsal etməklə SAMP/T və “Patriot” sistemlərinin üzərinə düşən ağır raket yükünü azaltmağı hədəfləyir. FREYJA-nın Avropanın radar məlumat mübadiləsi sistemi olan ASTERIX əsasında fəaliyyət göstərəcəyi bildirilir.

FREYJA layihəsi Avropanın aparıcı NASAMS, SAMP/T və IRIS-T HHM sistemlərini təkmilləşdirilmiş və vahid şəbəkə arxitekturasında birləşdirəcək texnologiyalar sayəsində, xüsusən də ballistik raketlərə qarşı daha geniş və vahid inteqrasiya olunmuş müdafiə kompleksi yaratmağı hədəfləyir. Məsələn, NASAMS atəşin idarə edilməsi mərkəzi kimi FREYJA-nın “beyni” funksiyasını yerinə yetirə, IRIS-T və SAMP/T isə radar inteqrasiyasında iştirak edə bilər.


Yeri gəlmişkən, ümumi mənzərəni daha yaxşı görmək üçün qısaca Rusiyanın istehsal potensialına da nəzər yetirməkdə yarar var. “İsgəndər-M” ballistik raketinin təxmini dəyəri 2,5 milyon dollardır və ayda 60–65 ədəd istehsal olunur. KİV-lərin əldə etdiyi Rusiyanın rəsmi satınalma sənədlərinə əsasən, qanadlı “X-101” raketinin qiyməti 2,4 milyon dollar, hipersəs “Tsirkon” raketinin qiyməti 5 milyon, dənizdən atılan “Kalibr” raketinin qiyməti 2 milyon, “Kinjal” raketinin qiyməti isə 4 milyon dollardır. Bunlar mətbuata sızdırılan Rusiya rəsmi satınalma sənədlərindən əldə olunan məlumatlardır. Ümumən Rusiyanın ayda 200-dən artıq qanadlı və ballistik raket istehsal etmək imkanına malik olduğu bildirilir.

Hazırkı mənzərə göstərir ki, Rusiya-Ukrayna müharibəsində qarşıdurma artıq yalnız cəbhə xəttində gedən ərazi müharibəsi deyil. Burada canlı qüvvə, hərbi sənaye, raket istehsalı, hava hücumundan müdafiə, iqtisadi dayanıqlılıq, texnoloji imkanlar və xarici hərbi-maliyyə dəstəyi bir-biri ilə sıx bağlıdır.

Beləliklə, Ukraynanın raket proqramında iki paralel istiqamət formalaşır. Əgər qarşıya qoyulan məqsədlərdən biri Rusiya ərazisinin dərinliyindəki hərbi və strateji obyektlərə zərbə endirmək üçün uzaqmənzilli qanadlı və ballistik raketlərin istehsalının artırılmasıdırsa, digər məqsəd anti-ballistik sistemlərin yaradılmasıdır. Kiyev bununla həm ABŞ-ın raket təchizatından asılılığını azaltmağa, həm də uzunmüddətli perspektivdə özünün müstəqil raket sənayesini formalaşdırmağa çalışır.

V. Nəsibov 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol