Menu

Məktəblərdə informatikanın yerini bu fənn tuta bilər - MÜHÜM AÇIQLAMA

21.09.2026, 13:39
Məktəblərdə informatikanın yerini bu fənn tuta bilər - MÜHÜM AÇIQLAMA

Orta məktəblərdə süni intellekt adlı müstəqil fənnin tədris olunması ilə bağlı məsələ müxtəlif vaxtlarda gündəmə gəlir. Hazırda XXI əsrin əsas siması hesab edilən süni intellektin təhsil sahəsinə tətbiqi dünyanın bir çox ölkələrində uğurla baş tutub. Azərbaycanda da süni intellektin ayrıca fənn kimi tədris olunub-olunmayacağı maraq doğurur və suallar yaradır.

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən təhsil eksperti, "Politecnico di Torino" universitetinin doktorantı Etibar Vəzirov bildirib ki, məktəblərdə süni intellektin tədrisi artıq zərurətə çevrilir. Lakin burada əsas məqsəd şagirdlərə sadəcə ChatGPT kimi alətlərdən istifadə etməyi öyrətmək deyil, onlarda süni intellekt savadlılığı formalaşdırmaqdır:

"Şagird bilməlidir ki, süni intellekt necə işləyir, hansı hallarda səhv edə bilər, təqdim etdiyi məlumatı necə yoxlamaq lazımdır və ondan istifadə zamanı şəxsi məlumatların təhlükəsizliyi necə qorunmalıdır. Fikrimcə, süni intellekt məktəblərdə yaş səviyyəsinə uyğun və mərhələli şəkildə tədris olunmalıdır. Aşağı siniflərdə mövzu gündəlik həyatdan sadə nümunələrlə izah edilə, yuxarı siniflərdə isə məlumatların təhlili, alqoritmik düşüncə, süni intellektin etik istifadəsi və praktik layihələrə daha geniş yer verilə bilər.

Burada vacib məqamlardan biri də müəllimlərin hazırlığıdır. Müəllimlər müvafiq bilik və metodiki dəstəklə təmin olunmadan məktəblərə yeni fənn əlavə etmək gözlənilən nəticəni verməyə bilər".

Ekspert əlavə edib ki, ilkin mərhələdə süni intellekt mövzularının informatika və digər fənlərə inteqrasiyası, daha sonra isə ayrıca fənn kimi tədrisi nəzərdən keçirilə bilər:

"Əsas hədəf süni intellektdən asılı olan deyil, ondan düzgün, təhlükəsiz və yaradıcı şəkildə istifadə etməyi bacaran, eyni zamanda müstəqil düşünən gənclər yetişdirmək olmalıdır", - deyə Etibar Vəzirov vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol