“Bakı əhalisinin dəqiq monitorinqlərini aparın, onun çox mühüm hissəsi kirayələrdə yaşayan, xüsusilə kənd rayonlarından gələn insanlardır”.
“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
“O deməkdir ki, Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına edilən basqını artırırıq və hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur.
Bir neçə gün öncə ölkəmizdə differensial iş qrafikinin tətbiqinin də şahidi olduq. Əslində, bunu müsbət qiymətləndirmək olar, çünki pik saatlar müəyyən qədər dəyişir. Lakin ölkə başçısı kənd təsərrüfatına həsr olunan müşavirədə daxili miqrasiya məsələsinə xüsusi toxundu və narahatlığını ifadə etdi. Kənd əhalisinin daimi məskunluğunun təmin edilməsi paytaxta əhali axınını azaltmaq üçün mühüm dövlət siyasətinə çevrilə bilər.
Əgər dövlətin müvafiq nazirliklərinin yerli xidmətləri öz fəaliyyətlərini tələbat və rentabellik prinsipi üzərindən qurursa, o zaman poçt, rabitə, tibb məntəqələri və digər sahələrin optimallaşdırılması son nəticədə kənd məktəblərində təhsilin vəziyyətinə birbaşa təsir edir. Nəticədə şagird sayının azalması məktəblərin bağlanması təhlükəsini yaradır.
Həqiqətən, şəhərlə kənd arasında mütənasibliyin qorunması və əhalinin coğrafi paylanması baxımından hökumət maksimum dərəcədə çalışmalıdır ki, kəndlərdə yaşayan insanların mənafeləri dövlət siyasətində ön yerə qoyulsun.
Bizim boşalan kəndlərimizə qayıdış proqramı lazımdır. Həqiqətən insanlar o bölgələrdə yaşasınlar və ekoloji təmiz məhsul istehsal olunsun. Kəndə gedəndə kəndli insanı görəsən, kənd turizmi inkişaf etsin”, - deputat əlavə edib.


Şərhlər