Rəsul Mirhəşimli
Bəzi ayrılıqlar var, insan onları sözlə anlatmağa çalışdıqca sözlər yetim qalır. Bəzi dərdlər var, onu nə zaman sağaldır, nə də illər. Sadəcə insan həmin dərdlə yaşamağı öyrənirmiş kimi görünür. Əslində isə insan hər səhər bir az da içindən ölür. Şəhid övladının arxasınca baxan ata-anaların dərdi də belədir. Onlar övladlarını torpağa tapşırmırlar təkcə, öz ömürlərinin ən böyük parçasını da həmin torpağın altında qoyurlar.
Qubadlı hər kəsin hörmətlə xatırladığı bir ailə var. Ziyalılığı, insanlara münasibəti, qayğısı və mərhəməti ilə yaddaşlarda yaşayan Abbasovlar ailəsi... Bu ailənin başçısı rəhmətlik Tikrar həkim, Qubadlı insanının yaddaşında təkcə həkim kimi yox, həm də insanların dərdinə öz dərdi kimi yanaşan bir insan kimi qalıb. Səsinin tonunu bircə dəfə yüksəltdiyini eşidən olmamışdı onun. Canında azacıq ağrı hiss edən belə, onun qapısını döyüb, əlacını onda axtarırdı. İnsanlara şəfa verən əllərin sahibi öz övladlarını da Vətən sevgisi ilə böyütdü.
Oğullarının üçü də Qarabağ müharibəsinin iştirakçısı oldu. Qubadlıda döyüşlər başlayanda ilk silaha sarılanların arasında məhz onlar dayandılar. Çünki bəzi ailələrdə Vətən sevgisi sadəcə danışılan söz olmur. O sevgi uşağın tərbiyəsinə, ata ocağının havasına, ailənin həyatına hopur. Belə ailələrdə oğul böyütmək həm də Vətənə əsgər böyütmək deməkdir.
İllər sonra həmin ailənin övladlarından biri Zamin Abbasov da atasının, əmilərinin yolunu davam etdirdi. Azərbaycan Ordusunun zabiti kimi Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və Qarabağda keçirilən lokal antiterror əməliyyatında iştirak etdi. Komandiri olduğu bölüyü keçdiyi döyüşlərdən itkisiz çıxardı. Hər döyüşdən alnıaçıq, qələbə ilə qayıtdı. Ta sonuncu döyüşə qədər...
Zaminin son döyüşü onun həyatının sonu, Azərbaycanın isə illərlə gözlədiyi qələbənin tamamlandığı günlərdən biri oldu. O, şəhidliyi ilə Azərbaycanın suverenliyinin bərpasına öz ömrünü verdi. Vətən torpağının bütövlüyü üçün ömrünü yarımçıq qoydu.
Bir insanın övladını itirməsi necə ağrıdır, bunu yalnız övladının səsini sonuncu dəfə eşidən, sonra o səsə bir ömür həsrət qalan ata bilər.
Zamin şəhid olanda atası Xaqaninin dünyası da dəyişdi. Ev əvvəlki ev idi, qapılar əvvəlki qapılar, otaqlar əvvəlki otaqlar... Amma artıq həmin evdə bir səs yox idi. Bir ayaq səsi, bir nəfəs, bir “Ata” kəlməsi yox idi. Ata üçün dünyanın ən ağır sükutu elə budur. Evdə hər şeyin yerində olması, amma oğlunun olmaması atanı qocaman bir ağac kimi yıxır.
Şəhid ataları bəzən danışmırlar. Çünki danışsalar, səsdən əvvəl ürəkləri dağılır ətrafa. Gülürlərsə, bu, sevindiklərindən deyil. Sadəcə ətrafdakılar daha çox üzülməsin deyə, üzlərinə yalançı bir təbəssüm qondururlar. Gecələr isə heç kimin görmədiyi yerdə övladları ilə danışırlar. Xəyalən onun otağına girir, onunla söhbət edir, səsini eşitmək istəyirlər. Hər küçədə, hər baxışda, hər tanış səsdə övladlarından bir işartı axtarırlar.
İnsan bəzən övladının ölümündən sonra onun əşyalarına toxunmağa belə qorxur. Çünki əşya susur, amma xatirə danışır. Bir köynək, bir şəkil, bir telefon, bir cümlə insanın qarşısına bütöv bir ömür gətirir. Ata isə anlayır ki, artıq oğluna sarıla bilməyəcək. Səsini eşidə bilməyəcək. “Gəl” deyəndə qapı açılmayacaq.
Xaqani də oğlunun yoxluğuna belə yaşamağa çalışdı.Amma insanın ürəyinin də bir dözümü varmış. Zaminin şəhidliyindən düz üç il sonra, sentyabrın 20-də Xaqani dünyasını dəyişdi. Təqvimdə bu, sadəcə bir tarixdir. Amma bir ata üçün o gün başqa bir məna daşıyırdı. Sanki üç il əvvəl yarımçıq qalan bir ayrılıq həmin gün tamamlandı.
Oğlu şəhid olan valideynlər bəlkə də həqiqətən övladları ilə birgə ölürlər. Sadəcə onların dünyadan köçməsi zamana bağlanır. Bədən burada qalır, ruhun bir hissəsi isə övladının məzarının yanında dayanır. Günlər keçir, aylar ötür, illər dəyişir, amma ürək eyni gündə ilişib qalır, övladın son dəfə evdən çıxdığı gündə.
Xaqaninin əlində oğlundan qalan ən böyük əmanətlərdən biri nəvəsi idi. Bəlkə də Zaminin simasını, onun gülüşünü, körpəliyini nəvəsində görürdü. Bəlkə uşağın baxışlarında oğlunun baxışlarını axtarırdı. Bəlkə nəvəsini bağrına basanda üç il əvvəl torpağa əmanət etdiyi oğlunu bağrına basdığını düşünürdü.
Amma heç bir xatirə övladı əvəz etmir. Heç bir təsəlli ata ürəyinə “oğlun artıq yoxdur” həqiqətini qəbul etdirmir.
Qubadlıdan bəri yaxından tanıdığım Abbasovlar ailəsinin oğlu Əkbəri (rəhmətlik Xaqaninin böyük qardaşı – R.M) həmişə nikbin, hazırcavab, yumor hissi yüksək bir insan kimi tanımışam. Həyatın çətinliklərinə belə gülüşlə cavab verən adamlardan idi. Amma Zaminin şəhid olmasından sonra qarşımda tamam başqa Əkbər gördüm. Sanki onun içində illərlə işıq saçan bir pəncərə bağlanmışdı. Dərddən əyilmiş, kövrəlmiş, sözləri əvvəlki kimi rahat deyə bilməyən bir insan gördüm...
Sonra onun bir dayağı da sındı. Qardaşı, şəhid atası Xaqani dünyasını dəyişdi.
Bəzən insanın həyatında elə bir-birinin ardınca gələn itkilər olur ki, artıq ürəyin hansı ağrıya ağladığını ayırd etmək mümkün olmur. Bir tərəfdə şəhid olan qardaşı oğlu, digər tərəfdə şəhid atası olan qardaşının yoxluğu... Bir evin içində iki böyük ayrılığın səssizliyi...
Dərd hər zaman insanı güclü etmir. Elə dərd var ki, insanı səssizləşdirir. Elə dərd var ki, insanın könül evini viranəyə çevirir. Elə dərd var ki, insan onun altında qocalmır, sadəcə içindən çökür.
Xaqani oğlunun ayrılığına cəmi üç il dözə bildi. Bəlkə də biz “üç il” deyirik, amma o üç il Xaqani üçün üç il deyildi. Hər səhəri Zaminə həsrət, hər gecəsi Zaminin xatirəsi ilə keçən minlərlə gün idi. O, təqvimlə yaşamırdı. O, oğlunun şəhid olduğu gündən sonrakı günləri sayırdı.
Və nəhayət, sentyabrın 20-də sanki daha gözləməyə gücü qalmadı. Oğlunun görüşünə tələsdi. Üç il əvvəl Zamin torpağa əmanət edilmişdi. Üç il sonra atası da həmin ayrılığa son qoydu. Ata bu dünyadan köçüb oğlunun əbədi məskən saldığı məkana getdi. Bəlkə də ölümündən əvvəl son dəfə Zaminin adını çəkdi. Bəlkə də gözlərini yumanda qarşısında oğlunu gördü. Bəlkə də illərdir həsrət qaldığı o səsi yenidən eşitdi. Bəlkə də bu dəfə Zamin ona “Ata, mən buradayam” dedi. Biz bunların heç birini bilmirik.
Bildiyimiz yalnız budur ki, bir ata üç il oğlunun həsrəti ilə yaşadı və sentyabrın 20-də həmin həsrətə son qoyuldu. İndi Xaqani ilə Zamin yenidən bir yerdədirlər. Bu dəfə aralarında heç bir ayrılıq yoxdur. Heç bir müharibə, heç bir məsafə, heç bir ölüm onları ayıra bilməz.
Geridə isə Əkbər kimi, bu ailəni tanıyanlar kimi, Zaminin yolunu, Xaqaninin dərdini bilənlər kimi biz qaldıq. Bir də susmayan xatirələr qaldı. Zaminin adı qaldı. Atasının oğluna olan sevgisi qaldı. Bir şəhidin arxasınca üç il susmadan için-için ağlayan bir ata qaldı yaddaşımızda.
Və indi həmin ata da oğlunun yanındadır. Allah Zaminə rəhmət eləsin. Allah şəhid atasının məkanını Cənnət eləsin. Allah Əkbərə, ailəsinə və bütün doğmalarına səbr versin.
Bəzi insanlar torpağa tapşırılır, amma yaddaşdan heç vaxt getmirlər. Bəzi atalar dünyadan köçür, amma onların övladlarına olan sevgisi bizim qəlbimizdə yaşayır. Bəzi ayrılıqlar isə heç vaxt “son” olmur. Çünki sevgi ölümün də keçə bilmədiyi bir yerdə yaşayır.
Xaqani oğlunun ardınca getdi. Daha ata oğlunu gözləmir. Bu dəfə oğul atasını qarşılayır.


Şərhlər