Menu

“Əfv sərəncamları hüquqi mahiyyətinə görə eynidir” – Əliməmməd Nuriyev

23.09.2026, 14:06
“Əfv sərəncamları hüquqi mahiyyətinə görə eynidir” – Əliməmməd Nuriyev

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev son əfv sərəncamını şərh edib.

O, “AzPolitika”ya açıqlamasında əfv sərəncamlarının hüquqi mahiyyəti, miqyası və cəmiyyətdə doğurduğu reaksiyalar ətrafında səslənən fikirlərə aydınlıq gətirib: “Bütün əfv sərəncamları hüquqi mahiyyətinə görə eynidir - bu, Konstitusiya ilə Prezidentə verilmiş müstəsna səlahiyyət və konkret şəxslərə tətbiq olunan fərdi hüquqi aktdır. Əfv sərəncamları əhatə etdiyi şəxslərin sayı, cəza növləri, tətbiq olunan güzəştlərin həcmi və qəbul olunduğu ictimai-siyasi şərait baxımından bir-birindən fərqlənə bilər. Bəzi əfv sərəncamları yüzlərlə şəxsi əhatə edərək müəyyən bayramlara və ya əlamətdar tarixi tarixlərə təsadüf edir, bəziləri isə daha məhdud və konkret xarakter daşıyır. Sərəncama əsasən məhbusun cəzanın çəkilməmiş hissəsindən azad edilməsi, cəza müddətinin azaldılması və ya şərti azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunması mümkündür”.

Ə.Nuriyev qeyd edib ki, əfvlə amnistiyanı heç vaxt qarışdırmaq olmaz, bunlar bir-birindən fərqli hüquqi aktlardır: “ Amnistiya müəyyən kateqoriyalara, əfv isə adları ayrıca göstərilən şəxslərə tətbiq edilir və fərdi müraciətlər əsasında cənab Prezident tərəfindən qəbul olunur. Son sərəncam baxımından əvvəlki geniş miqyaslı sərəncamlardan fərqlənsə də, bu, heç bir halda qərarın əhəmiyyətini azaltmır. Əksinə, sərəncamın daha konkret və seçici xarakter daşıdığını göstərir. Əfv sərəncamlarının həyata keçirilməsi qanunla Yeni il, Novruz və ya başqa əlamətdar tarixlərlə məhdudlaşdırılmayıb. Müraciətlərə baxıldıqdan və hər bir məhkumun vəziyyəti fərdi qaydada qiymətləndirildikdən sonra belə qərar istənilən vaxt verilə bilər. Cənab Prezidentin təşəbbüsü ilə imzalanan bu sərəncam ölkə başçısının fəaliyyətində, siyasətində humanizm və mərhəmət prinsiplərinə nə qədər önəm verdiyini bir daha nümayiş etdirən növbəti göstərici kimi qiymətləndirilə bilər”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol