Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxs müsabiqədə iştirak etmədən bir dəfə dövlət qulluğu vəzifəsinə təyin edilə bilər.
"AzPolitika" xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti dövlət qulluğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bunun üçün həmin şəxs dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət göndərərək, tələb olunan sənədləri təqdim etməlidir. Bundan sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Onun stajorluq və sınaq müddəti ərzində qulluq keçməsi və daimi əsaslarla inzibati vəzifəyə təyin edilməsi ilə bağlı məsələlər bu Məcəllənin 29-cu maddəsi (vakant vəzifəyə təyin edilmə) ilə tənzimlənir.
Yardımçı vəzifələrin tutulması müvafiq dövlət orqanı rəhbərinin qərarı əsasında birbaşa təyinat və ya qulluqda yüksəliş əsasında həyata keçirilir.


Şərhlər