Menu

MƏKTƏBLƏRDƏ KÖKLÜ DƏYİŞİKLİK - Dövlət büdcəsi pulları necə ayıracaq?

25.09.2026, 11:25
MƏKTƏBLƏRDƏ KÖKLÜ DƏYİŞİKLİK - Dövlət büdcəsi pulları necə ayıracaq?

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq qəbul edilən bu qərar, məktəblərin dövlət büdcəsindən maliyyələşdirilməsi sistemində tamamilə yeni dövrün əsasını qoyur.

Bəs bu Fərman mahiyyətcə nəyi dəyişir və adi vətəndaş, valideyn, eləcə də müəllim üçün nə deməkdir?

"AzPolitika" məsələnin mahiyyətini izah edir:

"Adambaşına maliyyələşdirmə" nədir və köhnə sistemdən nə ilə fərqlənir?

İndiyədək dövlət məktəblərinə büdcə vəsaiti ştat vahidlərinə, sinif sayına və ya bina xərclərinə görə ayrılırdı. Yəni məktəbdə 500 və ya 1500 şagirdin oxumasından asılı olmayaraq, müəyyən baza xərcləri sabit qalırdı. Yeni sistemdə isə maliyyələşmə "şagird haradadırsa, pul da oradadır" (vəsait şagirdin arxasınca gedir) prinsipi ilə həyata keçiriləcək. Dövlət hər bir şagird üçün müəyyən illik təhsil xərci normativi (məbləğ) təyin edəcək və məktəbin büdcəsi oradakı şagirdlərin sayına düz mütənasib olaraq formalaşacaq.

İslahat nə vaxtdan və necə tətbiq olunacaq?

Yeni mexanizm 2026‒2027-ci tədris ilindən başlayaraq birdən-birə bütün məktəblərdə deyil, mərhələli şəkildə tətbiq ediləcək.

Siyahını Elm və Təhsil Nazirliyi müəyyənləşdirəcək. Hər il üçün adambaşına maliyyələşməyə keçəcək məktəblərin siyahısı və şagird sayı Maliyyə Nazirliyi ilə razılaşdırılaraq elan olunacaq.

Sinif səviyyəsinə görə "Artım əmsalı" nə deməkdir?

Fərmanda vacib bir məqam vurğulanır: ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.

Bu o deməkdir ki, ibtidai sinif şagirdi (1-4-cü siniflər) ilə yuxarı sinif şagirdinin (9-11-ci siniflər) və ya xüsusi təmayüllü məktəblərdə oxuyanların dövlətə başa gəlmə xərci eyni deyil. Yuxarı siniflərdə laboratoriya, praktiki məşğələlər və fənn müxtəlifliyi çox olduğuna görə onlara tətbiq olunan əmsal yüksək olacaq, yəni dövlət o şagirdlər üçün daha çox vəsait ayıracaq.

1 ay müddətində nə bəlli olacaq?

Nazirlər Kabineti 1 ay müddətində:

Hər bir şagirdə düşən illik təhsil xərcinin məbləğini;

Sinif səviyyələri üzrə artım əmsallarını;

Maliyyələşmənin dəqiq qaydalarını təsdiqləyib ölkə başçısına təqdim etməlidir.

Bu islahat təhsilə nə verəcək?

Rəqabət və keyfiyyət artacaq. Məktəblər daha çox şagird cəlb etməkdə və təhsil keyfiyyətini yüksəltməkdə maraqlı olacaqlar, çünki şagird sayının çoxluğu məktəbin büdcəsinin böyüməsi və maddi-texniki bazasının güclənməsi deməkdir.

Şəffaflıq təmin olunacaq.Təhsil müəssisələrinin maliyyə idarəçiliyi daha ölçüləbilən və aydın olacaq.

Resurslar ədalətli paylanacaq. Pul konkret olaraq təhsil alan mühitə və şagirdin ehtiyaclarına yönəldiləcək.

E.Rüstəmli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol