Menu

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - VİDEO

11.11.2026, 16:26
Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - VİDEO

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub.

Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?

"AzPolitika" “Qafqazinfo”ya istinadla bildirir ki, həmin zabit mayor Eltürk Əli oğlu Rzabəylidir. Sumqayıt şəhərində doğulan Eltürk Rzabəyli Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçusudur.

Eltürkün də xidmətinin ən yaddaqalan vaxtları 44 günlük Vətən Müharibəsi ilə bağlıdır. O, 6 il əvvəl müharibədə kapitan rütbəsi ilə döyüşüb. Şərəfli döyüş yolu keçən zabitimiz Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən əməliyyatlarda şəxsi igidlik və şücaət nümayiş etdirib.

Rzabəyli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə üç dəfə güllə və qəlpə yarası alıb. Buna baxmayaraq, hər dəfə müalicəsini yarımçıq qoyaraq xidmətə qayıdıb.

Müharibədən sonra Prezidentin Sərəncamı ilə “Qarabağ” və “Azərbaycan Bayrağı” ordenlərinə, həmçinin “Kəlbəcərin azad olunmasına görə” medalına layiq görülüb.

Dövlət başçısının sözləri ilə desək, “düşmənə dərs verən” qəhrəmanlardan olan Eltürk Rzabəyli indi mayor rütbəsində xidmətini davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol