Slovakiya ilə Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyi məsələsində fikir ayrılığı daha da dərinləşir. Baş nazir Robert Fitso Ukraynaya 70 milyard avroluq kredit və ya əvəzsiz yardım ayrılmasına qarşı çıxaraq, ölkəsinin bu məqsədlə bir qəpik də vəsait ayırmayacağını bəyan edib. O, Almaniya kansleri Fridrix Merzin büdcənin bloklanması ilə bağlı təhdidlərinə qarşı da geri çəkilməyəcəyini bildirib.
Bəs Slovakiyanın bu mövqeyi Avropa İttifaqının Ukraynaya dəstək siyasətinə necə təsir edə bilər? Yardım ayrılmasa, Ukraynanın vəziyyəti necə olacaq?
Mövzunu "Azpolitika"ya şərh edən politoloq Cavanşir Abbaslı bildirib ki, bu addımı yalnız Slovakiya ilə məhdudlaşdırmaq düzgün olmaz:
"Müharibə başlayandan indiyədək bir sıra Avropa ölkələrinin Ukraynaya dəstək məsələsində tərəddüdlərini, hətta müəyyən mərhələlərdə yardımdan imtina etmək mövqeyini görmüşük. İndi Slovakiya da açıq şəkildə bəyan edir ki, Almaniyanın təzyiqlərinə baxmayaraq, bu mövqeyindən geri çəkilmək niyyətində deyil. Unutmayaq ki, Almaniyanın özü də müharibənin müxtəlif mərhələlərində Ukraynaya hərbi yardım məsələsində tərəddüdlər nümayiş etdirib, bəzi hallarda yardımı məhdudlaşdırmaq və ya gecikdirmək mövqeyi sərgiləyib. Halbuki, müharibədən əvvəl Almaniya Ukraynanın enerji təhlükəsizliyində, xüsusilə təbii qaz təchizatında mühüm tərəfdaşlardan biri idi. Müharibə başlayandan sonra isə Avropanın aparıcı dövlətləri Kiyevə verdikləri bütün vədləri eyni səviyyədə yerinə yetirmədilər. Ən ciddi məsələlərdən biri də Ukraynanın hava məkanının bağlanması ilə bağlı çağırışların qəbul edilməməsi idi. Bu qərar Ukraynanın müdafiə imkanlarına təsir göstərən amillərdən biri oldu. Bu gün Avropa İttifaqı daxilində fikir ayrılıqları getdikcə dərinləşir. Hesab edirəm ki, proses uzandıqca Slovakiya kimi digər üzv dövlətlər də Ukraynaya maliyyə və hərbi yardım məsələsində daha sərt mövqe nümayiş etdirəcəklər. Çünki müharibənin davam etməsi Avropa ölkələrinin öz daxilində də iqtisadi və sosial problemləri dərinləşdirir. Avropa cəmiyyətlərində hakimiyyətlərə qarşı narazılıq artır, insanlar hökumətlərindən soruşurlar ki, öz ölkələrində sosial problemlər həllini gözlədiyi halda, Ukraynaya bu qədər vəsait ayrılmasının səbəbi nədir? Başqa sözlə, Avropa xalqları müharibənin maliyyə yükünü daşımaq istəmirlər”.

Siyasi şərhçinin sözlərinə görə, ABŞ-dakı son aralıq seçkilərinin nəticələri də Qərb cəmiyyətlərində xarici siyasət və müharibələrə münasibətin daxili siyasi proseslərə necə təsir etdiyini göstərdi:
“Donald Trampın mövqelərinin zəifləməsində İran siyasəti ilə yanaşı, Ukrayna müharibəsinə ayrılan resurslarla bağlı narazılıqların da müəyyən rolu var. Bu mənzərə onu göstərir ki, Qərb cəmiyyətlərində müharibəyə dəstək məsələsində əvvəlki həmrəylik getdikcə zəifləyir. Əslində burada əsas məqam Avropa dövlətlərinin birbaşa hərbi müdaxiləyə getmək istəməməsindən daha genişdir. Onlar artıq Ukraynanın müdafiəsini uzunmüddətli maliyyə və hərbi yardımlar verməyin, öz daxili siyasi və iqtisadi sistemlərinə yaratdığı yükü hiss edirlər. Hesab edirəm ki, müharibə uzandıqca Avropa İttifaqının daxilində bu mövqedə olan ölkələrin sayı artacaq. Bu isə Kremlin maraqlarına uyğundur. Çünki Moskvanın əsas strategiyalarından biri Qərbin Ukraynaya dəstəyini zəiflətmək, Avropa daxilində parçalanmanı dərinləşdirmək və zamanın öz xeyrinə işləməsinə nail olmaqdır. Görünən odur ki, Rusiya bu strategiyanın müəyyən nəticələrini artıq əldə etməyə başlayır”.
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər