Menu

Mənzil əvəzinə pul təklifi: Şəhid ailələri üçün nə dəyişəcək?

11.11.2026, 16:10
Mənzil əvəzinə pul təklifi: Şəhid ailələri üçün nə dəyişəcək?

Şəhid ailələrinin, müharibə əlillərinin və hərbçilərin mənzil təminatı ilə bağlı yeni yanaşma təklif olunur. Belə ki, onlara hazır mənzil verilməsi əvəzinə, müəyyən məbləğdə pul kompensasiyasının ödənilməsi gündəmə gətirilir. Bu halda vətəndaşlar yaşayış yerini özləri seçə, ailələrinə yaxın ərazidə ev ala və ya torpaq əldə edərək fərdi yaşayış evi tikdirə bilərlər. Bu təkliflər Milli Məclisin komitə iclaslarında deputat Qüdrət Həsənquliyev tərəfindən səsləndirilib.

Bəs mənzil əvəzinə pul verilməsi nə dərəcədə məqsədəuyğundur? Bu təklif vətəndaşların maraqlarına nə qədər cavab verir və dövlətin mənzil təminatı siyasətində hansı dəyişikliklərə yol aça bilər?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, deputatının səsləndirdiyi fikir və təkliflər şəhid ailələrinin, müharibə əlillərinin və hərbçilərin mənafe və maraqları baxımından son dərəcə yerindədir:

"Düşünürəm ki, bu təbəqədən olan vətəndaşlara seçim azadlığı verilməlidir. Yəni onlara konkret ərazidə dövlət tərəfindən tikilən evlərdə yaşamaq öhdəliyi tətbiq olunmamalıdır. Çünki onların öz yaşayış yerlərini müstəqil seçmək hüququ var. Lakin nəzərə almaq lazımdır ki, bu təşəbbüslər dövlət xətti ilə icra olunan sosial layihələrdir. Bir çox hallarda dövlət bu cür sosial layihələrin icrasında müəyyən çərçivələr və standartlar müəyyən edir. Məsələn, sosial ev inşa olunub vətəndaşa qarşılıqsız təqdim edilirsə, onun harda yerləşməsi, təmir keyfiyyəti, hansı avadanlıq və əşyalarla təmin olunması həmin layihənin ayrılmaz tərkib hissəsinə çevrilir. Layihə subyektinin fərdi şərtlər irəli sürməsi və ya xüsusi istisnalar tələb etməsi sosial layihənin mahiyyətinə tam uyğun gəlmir".

Ekspertin sözlərinə görə, buna rəğmən seçim azadlığının tanınması çox müsbət addım olardı:

"Bu yanaşmanın doğurduğu əsas nəticə odur ki, əgər şəhid ailələri, müharibə əlilləri və ya hərbçilər təklif olunan hazır evlərdən fərqli yerdə yaşamaq istəyirlərsə, sosial layihədə bir mənzil üçün nəzərdə tutulan məbləğ onlara yalnız təyinatı üzrə xərclənmək şərtilə kompensasiya şəklində verilə bilər. Təbii ki, buradakı əsas məsələ kompensasiya məbləğinin tam şəffaf şəkildə müəyyən edilməsidir. Şəffaf hesablanma mexanizmi torpaq sahəsinin qiymətini, tikinti və təmir xərclərini, eləcə də digər vacib parametrləri nəzərə almalıdır. Şəxs fərqli bir ərazidə ev alarkən və ya tikərkən bazar qiymətləri ilə dövlətin maya dəyəri arasında fərqlər meydana çıxa bilər ki, bu da sosial layihənin icrasında müəyyən çətinliklər yaradar. Bu kimi fərdi fərqliliklərin həlli mexanizmi tapılarsa, təklifin mahiyyətini tam dəstəkləmək mümkündür".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol