Sentyabrın 27-si qardaş Azərbaycan üçün mühüm tarixdir. Çünki həmin gün başlayan müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bununla regionda tamamilə yeni imkanlar yarandı.
Bu fikirləri Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi və analitik Valeri Çeçelaşvili "Report"un yerli bürosuna açıqlamasında deyib.
Analitik vurğulayıb ki, 27 sentyabr Azərbaycan üçün fərqli tarixi məna daşıyır. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda yeni reallıqların formalaşmasına səbəb olub: "Azərbaycan xalqının ərazi bütövlüyünü bərpa etməsi isə bizə göstərir ki, regionda yeni imkanlar yarana bilər".
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər yarada bilər. V.Çeçelaşvili qeyd edib ki, regionun gələcəyi Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq imkanlarının genişləndirilməsindən də asılıdır: "Bu region üç ölkəyə Azərbaycan, Ermənistan və Gürcüstana aiddir. Biz elə bir Cənubi Qafqaz formalaşdırmalıyıq ki, burada münaqişələr və müharibələr deyil, sabitlik, azadlıq, inteqrasiya və inkişaf əsas yer tutsun".
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi regionda yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm mərhələdir.
V.Çeçelaşvili bildirib ki, 27 sentyabr Gürcüstan üçün ilk növbədə Süxuminin süqutu və Abxaziya münaqişəsinin ağır nəticələri ilə yadda qalan faciəvi tarixdir: "27 sentyabr Gürcüstan tarixində faciəvi tarixdir. Həmin gün Süxumi süqut etdi və biz Abxaziyanı itirdik. Bu, gürcü xalqının yaddaşında çox ağır iz buraxmış hadisədir".
V.Çeçelaşvilinin sözlərinə görə, həmin dövrdə əldə olunan atəşkəs razılaşmaları münaqişənin qarşısını tam almağa kifayət etməyib və nəticədə vəziyyət daha da ağırlaşıb. Onun fikrincə, bu hadisələr Gürcüstanın ərazi bütövlüyü məsələsini ölkənin müasir tarixinin ən həssas mövzularından birinə çevirib.
V.Çeçelaşvili hesab edir ki, 27 sentyabr həm Gürcüstanın keçmişdə yaşadığı müharibə və itkiləri xatırladan, həm də Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyətini bir daha gündəmə gətirən tarixdir.


Şərhlər