Böyük Britaniyanın Qlocesterşir qraflığında, ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsində olan Feyrford aviabazasının yaxınlığında insident qeydə alınıb. Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb, yaxınlıqdakı kəndin sakinləri isə təxliyə edilib.
Polis baş verənləri "ciddi insident" kimi qiymətləndirib və hazırda vəziyyətin nəzarət altında olduğunu bildirib.
İlkin məlumatlara əsasən, əvvəlcə partlayıcı maddələr haqqında qanunun pozulmasında şübhəli bilinən 5 nəfər saxlanılıb. Daha sonra isə onların antiterror qanunvericiliyinə əsasən həbs edildiyi açıqlanıb.
Saxlanılan şəxslərin kimliyi və konkret olaraq nədə şübhəli bilindikləri hələ ki açıqlanmır.
Aviabazanın yaxınlığındakı Uelford kəndindən onlarla sakin təxliyə olunaraq yaxınlıqdakı istirahət mərkəzinə yerləşdirilib. Bölgəyə mütəxəssislər və partlayıcı qurğuları zərərsizləşdirən robotlar cəlb edilib. Kənddəki üç şübhəli ağ yük maşınının ətrafında polis tərəfindən sərt nəzarət zonas yaradılıb.
Araşdırmanı polisin antiterror bölməsi aparır.
Qeyd edək ki, son günlərdə sözügedən aviabazanın ətrafında təhlükəsizlik tədbirləri xeyli gücləndirilmiş, blok-postlar və silahlı patrul xidmətləri təşkil olunmuşdu. Hələlik səlahiyyətli şəxslər və polis hadisənin hər hansı xarici qüvvələr və ya digər kənar fəaliyyətlərlə əlaqəli olub-olmadığı barədə rəsmi açıqlama verməyib.
Rasim
"AzPolitika.info"


Şərhlər