Rusiya hökumətinin Dövlət Dumasına təqdim etdiyi 2027–2029-cu illər üçün federal büdcə layihəsi ölkənin iqtisadi vəziyyəti ilə bağlı narahatlıqları daha da artırıb. Hərbi xərclərin kəskin şəkildə artırılması fonunda sosial xərclərin ixtisarı və kommunal xidmətlərin növbəti dəfə bahalaşması əhalinin vəziyyətini ağırlaşdırır.
"AzPolitika" xarici mediaya istinadla xəbər verir ki, Rusiyada illik inflyasiya və qiymət artımları fonunda oktyabrın 1-dən etibarən kommunal xidmət haqları yenidən qaldırılıb.
Rəsmi qurumların ölkə üzrə orta artımı 9,9 faiz səviyyəsində qiymətləndirməsinə baxmayaraq, bəzi regionlarda bu rəqəm qat-qat yüksəkdir. Stavropol diyarında qiymətlər 22%, Dağıstanda təxminən 20%, Tambov və Tyumendə 17%, Moskvalılarda 15%, Sankt-Peterburqda isə 14,6% bahalaşıb.
Hətta hakimiyyətə yaxınlığı ilə seçilən Kommunist Partiyasının (KPRF) lideri Gennadi Züqanov da Vladimir Putinlə görüşü zamanı yaranmış vəziyyətdən açıq şəkildə şikayətlənib. O, aylıq mənzil-kommunal xidmət haqqının 30 min rubla çatdığını bildirərək.
“Mən yalnız deputat olanda bunu ödəyə bilirəm. Ona görə də qiymətləri qaldırmaq əvəzinə, indi bu barədə düşünməliyik”, – deyə vurğulayıb.
Ekspertlərin təhlillərinə görə, mövcud iqtisadi böhran birbaşa Moskvanın Ukraynaya qarşı apardığı müharibənin maliyyə yükü ilə bağlıdır. Cari ilin yanvar-avqust ayları ərzində federal büdcənin kəsiri artıq 5,8 trilyon rubla (ÜDM-in 2,5%-i) çatıb ki, bu da hökumətin ilkin planlarını üstələyib.
Hökumətin parlamentə təqdim etdiyi yeni üçillik büdcə layihəsinə əsasən, 2027-ci ildə Rusiya hərbi xərclərə 17,1 trilyon rubl yönəldəcək. Bu göstərici əvvəlki planlarla müqayisədə 27% (və ya təxminən 5 trilyon rubl) çoxdur.
Büdcə kəsirini örtmək və hərbi ehtiyacları maliyyələşdirmək üçün Kreml sosial sahələri qurban verməyə məcbur olub. Növbəti illərdə sosial siyasət xərclərinin 15%, iqtisadiyyata yönəldilən vəsaitlərin isə 5% azaldılması nəzərdə tutulur.
Tanınmış iqtisadçı Vladislav İnozemzev qeyd edir ki, rəsmi statistikada göstərilən orta əməkhaqqı artımları ölkə əhalisinin real gəlirlərinin artdığı anlamına gəlmir. Əksinə, inflyasiya sürətlə real gəlirləri üstələyir, qiymət artımları və vergi yükü isə vətəndaşların və kiçik biznesin üzərinə düşən yükü ağırlaşdırır. İqtisadçının sözlərinə görə, hökumət yaxın illərdə bюdcəni doldurmaq üçün mövcud vergiləri maksimum dərəcədə sıxmağa və kölgə iqtisadiyyatına qarşı sərt tədbirlər görməyə çalışacaq ki, bu da vergidən yayınan şirkət və vətəndaşlar üçün ciddi cərimələr və təzyiqlər dövrünün başlanğıcından xəbər verir.
Rasim
"AzPolitika.info"


Şərhlər