Menu

Marketlərdə toyuq filesi tapılmır – NƏ BAŞ VERİR?

02.10.2026, 15:09
Marketlərdə toyuq filesi tapılmır – NƏ BAŞ VERİR?

Azərbaycanda öncə mal, sonra quzu, indi də toyuq əti bahalaşdı. Hazırda mağazalarda toyuq sinəsi qıtlığı müşahidə edilir, qiymət isə 10 manata qədər yüksəlib. 

Bəs bu bahalaşmanın səbəbi nədir? Qıtlıq süni formada yaradılıb, yoxsa bunun üçün səbəblər var? Ümumiyyətlə, toyuq, quzu və mal ətinin qiymətində yaxın vaxtlarda yenidən ucuzlaşma gözlənilirmi?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan iqtisadçı Asif İbrahimov bildirib ki, ətin qiymətini müzakirə etməzdən əvvəl, niyə bahalaşdığını araşdırmalıyıq:

"Azərbaycanda əvvəl mal, sonra quzu əti, indi isə toyuq filesinin bahalaşması diqqət çəkir. Hazırda bəzi marketlərdə toyuq filesi ya ümumiyyətlə yoxdur, ya da kiloqramı 10 manata qədər yüksəlib. İstehsalçı assosiasiyası isə yaranan vəziyyəti qıtlıqdan daha çox tələbin müvəqqəti artması ilə izah edir. Sentyabrda əhalinin tətildən qayıtması və turist axınının artması toyuq ətinə, xüsusilə file və bud hissələrinə tələbi yüksəldib. Amma burada yenə eyni səhvə yol veririk: nəticəni müzakirə edirik, səbəbi yox. Mağazada toyuq filesinin olmaması özü səbəb deyil, bazarda yaranan disbalansın nəticəsidir. Tələb qısa müddətdə artırsa və təklif həmin sürətlə yüksəlmirsə, qiymətin bahalaşması normaldır. Lakin məsələ yalnız bugünkü tələblə bitmir. Əgər istehsalçı bazarın belə dəyişmələrinə çevik reaksiya verə bilmirsə, deməli, istehsal və təchizat zəncirində struktur problemləri də var".

İqtisadçının sözlərinə görə, toyuq ətində vəziyyət mal və quzu ətindən bir qədər fərqlidir:

"Mal və qoyun ətində heyvan sayının, yem və saxlama xərclərinin, istehsalın rentabelliyinin uzunmüddətli təsiri daha böyükdür. Toyuqçuluqda isə istehsal dövrü daha qısadır və bazardakı tələbin dəyişməsinə nisbətən tez cavab vermək mümkündür. Buna görə də hazırkı file qıtlığının uzunmüddətli istehsal böhranından çox, tələb-təklif uyğunsuzluğu və satış zəncirində yaranan müvəqqəti disbalans olması ehtimalı daha yüksəkdir. İstehsalçı assosiasiyasının açıqlamasında da yem və cücə qiymətlərində artım olmadığı bildirilir".

Ekspert əlavə edib ki, “Qıtlıq süni yaradılıb” demək üçün isə konkret fakt lazımdır:

"Hazırkı məlumatlar bunu təsdiqləmir. Əksinə, istehsalçı tərəfi tələbin artmasını əsas səbəb kimi göstərir. Amma bazarda məhsulun fiziki olaraq azalması ilə eyni vaxtda qiymət yüksəlirsə, burada təchizat zəncirinin bütün mərhələləri araşdırılmalıdır: istehsalçıdan topdansatışa, oradan distribyutora və marketə qədər qiymət nə qədər artır? Əgər istehsalçı qiyməti dəyişməyib, amma son satış qiyməti kəskin yüksəlibsə, artıq vasitəçi və pərakəndə marjaları gündəmə gəlir. Ən vacib məsələ isə qarşıdakı dövrdə qiymətlərin necə formalaşacağıdır. Toyuq filesində hazırkı çatışmazlıq həqiqətən tələbin müvəqqəti artımından yaranıbsa, təklif bərpa olunduqdan sonra qiymətin əvvəlki səviyyələrə yaxınlaşması mümkündür. İstehsalçı assosiasiyası da qiymətlərin stabilləşəcəyini bildirir. Amma mal və quzu ətində məsələ daha mürəkkəbdir. Orada istehsal bazasının zəifləməsi, heyvan sayının azalması və fermerin iqtisadi marağının aşağı düşməsi kimi uzunmüddətli problemlər həll olunmadan ciddi ucuzlaşma gözləmək çətindir. Biz hər dəfə qiymət qalxanda “niyə bahalaşdı?” deyə soruşuruq. Əslində isə daha əvvəl “nə baş verdi ki, istehsalçı əvvəlki şərtlərlə istehsal etməyə maraqlı deyil?” sualını ünvanlamalıyıq. Əgər fermerin xərcləri artır, istehsal azalır və təklif zəifləyirsə, qiymət artımı qaçılmaz nəticəyə çevrilir. Toyuqda isə tələb artımına uyğun təklif vaxtında artırılmalıdır.

Ona görə də yaxın vaxtlarda üç ət növünün hamısında eyni ssenarinin baş verəcəyini demək düzgün olmaz. Toyuq filesində müvəqqəti bahalaşmanın geri çevrilməsi mümkündür, amma mal və quzu ətində qiymətin davamlı ucuzlaşması üçün istehsal tərəfdə real dəyişiklik lazımdır. Qiyməti inzibati qaydada aşağı salmaqla bazar problemi həll edilmir. İstehsalçının iqtisadi marağı bərpa edilməlidir. Əks halda bu gün toyuq filesini, sabah isə başqa bir ərzaq məhsulunu mağazada axtarmağa başlayacağıq".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol