Menu

G7 ölkələri bazara 100 milyon barel neft çıxarır – Dizel qıtlığına qarşı təcili qərar

03.10.2026, 10:38
G7 ölkələri bazara 100 milyon barel neft çıxarır – Dizel qıtlığına qarşı təcili qərar

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri Beynəlxalq Enerji Agentliyi (BEA) ilə koordinasiyalı şəkildə strateji ehtiyatlardan 100 milyon barel neft və neft məhsullarının bazara çıxarılması barədə razılığa gəliblər. G7-nin birgə bəyanatında bildirilir ki, tədarüklər dərhal başlayacaq və 4 ay ərzində davam edəcək.

“AzPolitika” xəbər verir ki, qərar ABŞ və İsrailin İranla müharibəsi, eləcə də davam edən Rusiya-Ukrayna müharibəsi fonunda enerjidaşıyıcılarının qiymətində kəskin artımın qarşısını almaq məqsədilə qəbul edilib.

Qərara əsasən, xüsusi diqqət dizel yanacağı qıtlığının aradan qaldırılmasına yönəldiləcək. Mühüm həcmdə dizelin elə ilk 20 gün ərzində ehtiyatlardan azad edilməsi planlaşdırılır. Yaxın günlərdə G7 ölkələri BEA çərçivəsində ehtiyatlardan əlavə dizel tədarükü imkanlarını da müzakirə edəcəklər. BEA-ya görülən tədbirlərin nəticələrini qiymətləndirmək və 20 gün müddətində ilk hesabatı təqdim etmək tapşırılıb.

Dünyanın aparıcı dövlətləri energetika sektorunda kəsirlərin qarşısını almaq üçün aşağıdakı addımları atacaqlar:

Neft emalı zavodlarının (NEZ) emal güclərinin eyni vaxtda azalmaması üçün onların texniki xidmət qrafikləri uyğunlaşdırılacaq və imkan daxilində müvəqqəti olaraq yükü artırılacaq.

Böyük neft emalı güclərinə malik digər ölkələr də neft məhsullarının, ilk növbədə dizelin və yanacağın emalını artırmağa çağırılıb.

G7 iştirakçıları bir-birinə enerjidaşıyıcılarının ixracına məhdudiyyət qoymamaq öhdəliyi götürüb və digər istehsalçıları da dünya bazarında gərginliyi artıra biləcək qadağalardan çəkinməyə səsləyiblər.

Bəyanatdan əvvəl "Reuters" agentliyi mənbələrə istinadən məlumat yaymışdı ki, Vaşinqton Fransa və Almaniyadan dünya qiymətlərini aşağı salmaq üçün fövqəladə dizel ehtiyatlarından istifadəyə başlamağı tələb edib. Agentliyin məlumatına görə, imtina ediləcəyi təqdirdə ABŞ bu ölkələrə Amerika dizelinin ixracını məhdudlaşdırmaqla hədələyib.

ABŞ Prezidenti Donald Tramp üçün ölkə daxilində yanacağın qiymətini düşürmək noyabrın 3-nə təyin olunmuş Konqresə aralıq seçkiləri ərəfəsində xüsusi siyasi əhəmiyyət kəsb edir.

G7-nin bəyanatında energetika bazarlarında gərginliyin artması İrandan gələn təhlükələrlə də əlaqələndirilir. "Yeddilik" liderləri İranın qonşu ölkələrə hücumlarını və beynəlxalq ticarətin pozulmasını kəskin pisləyib, Hürmüz boğazından gəmiçilik azadlığının dərhal bərpa olunmasını tələb ediblər.

Eyni zamanda, G7 Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyini, qaz və xammal qiymətlərinin sonrakı artımının qarşısını almaq üçün BEA və digər ölkələrlə işləyəcəyini bəyan edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol