“Bu dəfə ölkə başçısının manatın ucuzlaşmayacağı ilə bağlı fikrini şəxsən və kifayət qədər qəti şəkildə ifadə etməsi məsələnin ciddiliyini bir daha göstərir”.
“AzPolitika” bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov manatın məzənnəsinin sabit saxlanılmasının səbəblərini şərh edərkən deyib.
“Görünən odur ki, Azərbaycan qarşıdakı dövrdə makroiqtisadi tarazlığın qorunmasının əsas elementlərindən biri kimi manatın məzənnə sabitliyini saxlamaqda davam edəcək”, - o qeyd edib.
İqtisadçı hesab edir ki, bunun üçün iqtisadi əsaslar da var: “Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur, valyuta bazarında təklif tələbi üstələyir, strateji valyuta ehtiyatları 90 milyard dolları keçib və xarici borcdan təxminən 20 dəfə çoxdur. Yəni hazırda manatın sabitliyini qorumaq üçün həm iqtisadi imkan, həm maliyyə resursları, həm də siyasi iradə mövcuddur. Bütün bunlar manatın məzənnə sabitliyinin hələ bir neçə il qorunacağı ehtimalını kifayət qədər gücləndirir”.

Dollara tələbatın az olması iqtisadi aktivliliyin aşağı düşməsi ilə əlaqəli olub-olmadığı barədə E.Əmirov bunları qeyd edib: “Dollara tələbin azalmasını iqtisadi aktivliyin zəifləməsi ilə birbaşa əlaqələndirmək doğru olmaz. Hazırda valyuta bazarında eyni vaxtda bir neçə proses gedir. Manatla depozitlərin gəlirliliyi dollarla depozitlərdən xeyli yüksəkdir. Məzənnənin uzun müddət sabit qalması da manata inamı artırıb. Nəticədə əhalinin bir hissəsi dollar yığımlarını manata çevirərək daha yüksək gəlirli manat depozitlərinə yönəldir. Rəqəmlər də bunu göstərir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son bir ildə 3,7 faiz bəndi azalaraq 25,8 faizə düşüb”.
İqtisadçının sözlərinə görə, digər maraqlı göstərici odur ki, bu ilin 8 ayında valyutadəyişmə məntəqələri əhalidən satdığından 673 milyon dollar çox valyuta alıb. Yəni əhali banklardan dollar almaqdan daha çox əlindəki dolları satıb. Eyni zamanda əmanətlərin ümumi həcmi ilin əvvəlindəki 16,8 milyard manatdan avqustun sonuna 18,2 milyard manata yüksəlib.
“Bunun üzərinə ölkəyə daxil olan valyutanın həcmini də əlavə etmək lazımdır. Cari hesab profisitdədir və valyuta təklifi tələbi üstələyir. Hətta Mərkəzi Bank avqust ayında bazardakı artıq valyutanın 1,5 milyard dollarını özü alıb. Ona görə mövcud vəziyyəti iqtisadi aktivliyin zəifləməsinin göstəricisi kimi deyil, xarici valyuta təklifinin yüksək olması, dedollarlaşma və manata üstünlüyün artmasının birlikdə yaratdığı nəticə kimi qiymətləndirmək daha doğru olar”, - o vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər