Menu

"Təkcə silahla yox, imanımız və canımızla..." - Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04.10.2026, 17:05
"Təkcə silahla yox, imanımız və canımızla..." - Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

İyirmi yeddi il Cəbrayıl xəritədə bükülüb qalmış bir qəm, kədər idi. Sahibsiz qalmış həyətlər, damı çökmüş, daşı dağılmış kəndlər illərlə öz sakinlərinin ayaq səsini gözlədi.

4 Oktyabr o uzun həsrətin qırıldığı gün oldu. O gün azad edilən təkcə bir qarış torpaq, bir şəhər deyildi. İllərlə ürəkdə düyünlənib qalan ağrı, çiyinlərimizdə olan yük yoxa çıxdı. Zəfərə gedən yolda açılan bir qapı oldu.

Cəbrayıl — Vişka postundakı o unudulmaz döyüş

Xüsusi Təyinatlı Qüvvələrin mayoru Mustafayev Amil o günün xatirələrini Modern.az-la bölüşüb: "Düşmənin 022 nömrəli XTQ-si ilə üz-üzə gəldik. Güllə göydən dolu kimi yağır, ağır döyüş gedirdi. Şəxsi heyəti dərhal 3 istiqamətə böldüm.

Darağı dəyişib duamı etdim. Tam o an General Ələkbər Cahangirovun səsi ucaldı:

— Mövqelər tərk edilməsin, düşmənə layiqincə cavab verilsin!

Atəş altında qalan gizirimiz: "Komandir, məni tək qoyma!" dedi. "Səni nə vaxt yarı yolda qoymuşam ki?!" deyib dəstək oldum. Yaralı zabitimizə söz verdim: "Aslan parçası, səbirli ol, səni oradan çıxaracam!".

Minaatanlara bizim istiqaməti tutub əmr gözləməyi tapşırdım. Düzgün verilən atəş əmri ilə düşmən XTQ-si darmadağın edildi və qaçmağa məcbur oldu".

Amil bəy üçün ən böyük qürur doğru qərarlar və verdiyi sözləri tutmaq olub:

"Nə gizirimi tək qoydum, nə də yaralı zabitimi... Bir zabit kimi o ağır anda doğru qərarlar verib, verilən sözləri tutmaq ən böyük qürurumdur!.

Bəzən silahın çatmadığı yerə dua çatar. Cəbrayılın "İki Vişka" postunda çox ağır döyüş oldu, ocaqlar söndü, şəhidlər verdik... Dillərdə yalnız Ayətəl-Kürsi var idi. Və o an Rəbbim imdadımıza çatdı, düşmən geri çəkildi. Biz o torpaqları təkcə silahla yox, imanımız və canımız bahasına azad etdik. Qəhrəman şəhidlərimizə rəhmət olsun".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol