Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Kayseri millət vəkili İsmayıl Özdemir Azərbaycanla bağlı son müzakirələr fonunda Prezident İlham Əliyevə dəstək açıqlaması yayıb.
Türkiyədə bəzi siyasətçilərin Azərbaycandakı daxili məsələlərinə yönəlik tənqidlərinə Yeni Azərbaycan Partiyasının (YAP) sərt cavab verməsi iki ölkə arasında siyasi müzakirələrə səbəb olub. Bu proseslərin ardından İsmayıl Özdemir sosial media hesabından Türkiyə-Azərbaycan qardaşlığını hədəf alan iddialara qarşı qəti mövqe nümayiş etdirib.
Açıqlamasında 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsinə diqqət çəkən Özdemir, Prezident İlham Əliyevin torpaqların işğaldan azad edilməsindəki müstəsna rolunu yüksək qiymətləndirib: "İlham Əliyev cəsur və qüdrətli bir liderdir. Qarabağdakı tarixi zəfərdən sonra illərdir həsrət qalan torpaqlarda yenidən azan səslərinin ucalması hər birimiz üçün qürur mənbəyidir".
Türkiyə və Azərbaycan arasındakı strateji münasibətlərin Şuşa Bəyannaməsi ilə ən yüksək zirvəyə çatdığını vurğulayan MHP rəsmisi, son dövrlərdəki süni müzakirələrin iki ölkə arasındakı tarixi və qardaşlıq bağlarını qətiyyən zəiflədə bilməyəcəyini bildirib.
Azərbaycanın suveren bir dövlət kimi Türk Dövlətləri Təşkilatı (TDT) başda olmaqla beynəlxalq müstəvidə daha da güclənəcəyini qeyd edən Özdemir, ölkənin 21-ci əsrin ən nüfuzlu dövlətlərindən biri kimi anılmağa davam edəcəyinə inandığını vurğulayıb.
İsmayıl Özdemir açıqlamasını iki ölkənin ayrılmaz bağlarını simvolizə edən bu sözlərlə tamamlayıb:“Hilalle yıldız ayrılmaz, Hazarla Akdeniz’in bağı sarsılmaz”.
“AzPolitika.info”


Şərhlər