İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan və din xadiminin həyatına sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin cinayət işinin növbəti məhkəməsi yekunlaşıb.
"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq təqsirləndirilənlər - Nərminə Şabanova və Naib İsmiyevin hər biri ayrı-ayrılıqda 10 il, Elvin Əhmədov isə 3 il 6 ay azadlıqdan məhrum olunublar.
Xatırladaq ki, prokuror dövlət ittihamının müdafiəsi zamanı Nərminə Şabanova və Naib İsmiyevin hər birinin ayrı-ayrılıqda 10 il, Elvin Əhmədovun 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Nərminə Şabanova və Naib İsmiyev Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar.


Şərhlər