Azərbaycanda aqrar sektorda hədəf məhsuldarlığın və fermer gəlirlərinin artırılması, kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsidir.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən "Ümumdünya Qida Günü 2026" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, aqrar transformasiyanın uğuru yeni texnologiyaların tətbiqi ilə yanaşı, fermerlərin biliklərinin və bacarıqlarının artırılmasından, müasir həllərə çıxışının genişləndirilməsindən və kiçik təsərrüfatların innovasiyalardan faydalanmasından asılıdır: "Dövlət Proqramının məqsədlərinə nail olunmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi də mühüm rol oynayır. Beynəlxalq təşkilatlarla, eləcə də qabaqcıl aqrar təcrübəyə malik ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, müasir texnologiyaların və biliklərin mübadiləsi, birgə tədqiqatların həyata keçirilməsi əsas prioritetlərimizdəndir".
"Fürsətdən istifadə edərək, bu il 81 yaşını qeyd edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatını (FAO) təbrik edirəm. Ərzaq və qida təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycanla FAO arasında əməkdaşlıq uğurla davam etdirilir. Təşkilatla birgə həyata keçirilən layihələr, eləcə də COP-29 çərçivəsində reallaşdırılan tədbirlər və təşəbbüslər aqrar sahənin dayanıqlı inkişafına, iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına və qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir", - deyə nazir əlavə edib.


Şərhlər