Menu

Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?

16.10.2026, 11:19
Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?

Rusiyada yaşayan məşhur iş adamı, "Peton Holding"in həmtəsisçilərindən olan Emin Axundovu şantaj edib 3 milyon dollar pulunu və 10 milyonluq əmlakını ələ keçirməkdə təqsirləndirilənlərin - Hikmət Vəliyev və Ramil Tağıyevin barələrindəki cinayət işinin məhkəməsi başlayıb.

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilənlərdən Hikmət Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin, Ramil Tağıyev barəsində isə həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Təqsirləndirilən şəxslərin vəkilləri isə cinayət işinin düzgün aparılmamasını əsas gətirərək yenidən ibtidai istintaqa qaytarılması ilə bağlı məhkəməyə vəsatət veriblər.

Zərərçəkənin vəkilinin vəsatəti isə təqsirləndirilən Ramil Tağıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.

Müşavirədən sonra vəkillərin vəsatətləri təmin edilməyib.

Məhkəmənin baxış iclası oktyabrın 29-na təyin olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla təqsirləndirilənlərdən Hikmət Vəliyev xaricdə tutularaq ölkəyə gətirilib.

Cinayət işi üzrə Hikmət Xanlar oğlu Vəliyev Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə), Ramil Tağıyev isə 178.4-cü (dələduzluq - xüsüsilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol