Ötən axşamdan başlayaraq, Rusiya paytaxtındakı bütün hava limanlarının fəaliyyətində fasilələr yaranıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəsmi məlumatı yayılıb.
Məlumatda deyilir ki, Ukrayna dronlarının hücumları səbəbindən Moskva hava qovşağındakı bütün dörd hava limanında əməliyyatlar dayandırılıb. Məhdudiyyətlər həm eniş, həm də uçuşlara təsir göstərib.
Bu gün səhər isə Moskva hava limanlarında 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib. Vnukovoda məhdudiyyətlər ən azı 66 uçuş və eniş, Şeremetyevoda isə 79 uçuşa təsir edib.
Domodedovo hava limanı yeddi saatdan çox, Jukovski hava limanı təxminən 6,5 saat, Vnukovo və Şeremetyevo isə təxminən 5,5 saat bağlı qalıb.
“Aeroflot” hava limanı məhdudiyyətləri səbəbindən bəzi uçuşların təxirə salındığını və ləğv edildiyini açıqlayıb. Aviaşirkət bir neçə təyyarəni Nijni Novqorod da daxil olmaqla alternativ aerodromlara yönləndirib. Oradan sərnişinlərin avtobusla Moskvaya daşınması planlaşdırılır.
Sankt-Peterburqdakı Pulkovo Hava Limanı Moskvaya gedən 25 uçuşu qəbul edən ehtiyat hava limanına çevrilib. Bunların arasında Dubaydan gələn “FlyDubai” reysi də olub. Bu arada, Pulkovo Hava Limanının özü də dron hücumu səbəbindən fasilələrlə üzləşib. Otuz yeddi uçuş və doqquz eniş ləğv edilib, ya da gecikib.
“AzPolitika.info”


Şərhlər