İrəvanda keçirilən BMT-nin Biomüxtəliflik Konfransında (COP17) iştirak edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev jurnalistlərin "Qazaxıstan hələ də Ermənistan dəmir yollarının idarəçiliyini devr almaqda maraqlıdırımı?" sualını cavabsız qoyub.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl Ermənistan Dəmir Yollarının idarəçiliyinin rus şirkətindən üçüncü bir ölkəyə verilməsi ehtimalını gündəmə gətirmiş və Qazaxıstanı potensial variantlardan biri kimi qeyd etmişdi. Paşinyan ilin əvvəlindən bəri bəyan edirdi ki, mövcud rus idarəçiliyi səbəbindən Ermənistan rəqabət üstünlüklərini itirir və Qərb tərəfdaşları bu nəqliyyat şəbəkəsindən istifadə etmək istəmirlər.
Lakin iki gün əvvəl Paşinyanın Rusiya Dəmir Yollarının Baş direktoru Oleq Belozerov ilə görüşündən sonra vəziyyətin dəyişdiyi məlum olub. Tərəflərin dəmir yolunun 30 illik imtiyazını başqa ölkəyə satmaq əvəzinə, onun rəqabət qabiliyyətinin artırılmasını müzakirə etdikləri üzə çıxıb.
Qeyd edək ki, Rusiya şirkətinin idarəçilik müddəti 2038-ci ildə başa çatır. Bu müddəti daha 10 il uzatmaq üçün tərəflərin 2027-ci ilin avqust ayına qədər bir-birilərinə uyğun təklif təqdim etmələri tələb olunur.
“AzPolitika.info”


Şərhlər