Ukrayna Ali Radasının insan hüquqları üzrə ombudsmanı Dmitri Lubinets bildirib ki, Ukrayna və Rusiya hərbçiləri Rusiya qoşunlarının işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində qalan əhalinin təxliyəsinə hazırlaşırlar.
“AzPolitika” xəbər verir ki, bu barədə D.Lubinel Ukraynanın "Espreso" telekanalına müsahibəsində məlumat verib.
"Biz təmas xəttindən kənarda, birbaşa Ukrayna hökumətinin nəzarətində olan əraziyə təxliyə olunmaq istəyən hər kəsin çıxarılması və atəşkəs rejiminin təmin edilməsi ilə bağlı son detalları razılaşdırmağa başlayırıq", - deyə ombudsman bildirib.
Ombudsmanın sözlərinə görə, söhbət Oleşki şəhəri və ətrafdakı digər 6 yaşayış məntəqəsindən əhalinin çıxarılmasından gedir. Ukrayna tərəfinin qiymətləndirmələrinə görə, həmin ərazilərdə hələ də təxminən 6 min mülki şəxs, o cümlədən 200-ə yaxın uşaq qala bilər.
2022-ci ildən bəri Rusiya işğalı altında olan Oleşki şəhərinin sakinləri kəskin humanitar böhranla və kütləvi aclıq təhlükəsi ilə üz-üzə qalıblar. Son aylarda şəhərdəki fəlakətli vəziyyətlə bağlı rəsmi Kiyev dəfələrlə bəyanatlar yayıb. Məlumata görə, şəhərdə işıq, su və qaz yoxdur, təcili yardım maşınları gəlmir, mağazalar işləmir. Yerli sakinlər yalnız natural təsərrüfat hesabına sağ qalmağa çalışırlar.
Daha əvvəl Ukrayna tərəfi Moskvanı Oleşki şəhərinə gedən yolları qəsdən bloklamaqda ittiham etmişdi. Dmitri Lubinets humanitar dəhlizin təşkili ilə bağlı Rusiya tərəfi ilə danışıqların pozulduğunu bildirmişdi.
Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin Oleşkidəki humanitar böhrana görə məsuliyyəti Ukrayna hakimiyyətinin üzərinə qoymuşdu. Hər iki tərəf bölgədəki böhranın həllinə mane olan mütəmadi atışmalarda bir-birini ittiham edir.
“AzPolitika.info”


Şərhlər