Ölkədə baş verən serial intihar və qətllərin kökündə dayanan ilginc səbəblər
Son günlər cəmiyyətdə amansızlıqla törədilən qətllərin sayı xeyli artıb. Ər arvadını, qardaş qardaşını... ən qəddar üsulla qətlə yetirir. Keçmiş yoldaşının evini yandırandan tutmuş, dostunu xırda məbləğ üstündə qanına qəltan edənə qədər ölkənin kriminal xronikası bu sayaq hadisələrlə doludur.
Son olaraq Sahil bağında baş verən qətl hadisəsi. Həyat yoldaşının üstünə hürən itin sahibini bıçaqla qətlə yetirən Elçin Çobanovun hekayəsi hələ yaddan çıxmayıb. E.Çobanov istintaqa ilkin ifadəsində də törətdiyi qətlin məhz bu səbəbdən olduğunu etiraf edib: “İt həyat yoldaşıma hürdü, sahibinə iti kənara çəkməsini söylədim, insident düşdü, gəzdirdiyim bıçaqla birini öldürdüm, o birini yaraladım”.
Azərbaycanlı kişilərin yanaşmasına görə, əslində E.Çobanov həyat yoldaşını qorumaqla düzgün addım atıb. Yəni itini gənc qadınların üstünə hürdürən şəxsə acıqlanmaq, bu duruma etiraz etmək olar... Amma buna görə qan tökmək, hansı səbəbdən bilinməz, cibdə bıçaq gəzdirmək... ciddi bir bəladan xəbər verir. İnsanlarımız aşırı dərəcədə aqressivləşib. Nəqliyyatda bir-birini az qala öldürməyə hazır sürücülər, mağazada, bankda növbədə özündən qabaqkının bir neçə saniyəlik ləngiməsinə görə qan tökməyə hazır azərbaycanlılar ordusu hardan və necə yaranıb?
Psixoloq Azad İsazadə hesab edir ki, amansızlıqla törədilən cinayətlərin sayının artmasının əsas səbəbi cəmiyyətdə aqressivliyin artmasıdır. Təbii ki, aqressivlik artanda, bu, ailə-məişət məsələlərinə də öz təsirini göstərir. Aqressivliyin əsas səbəbləri məişət şəraitinin ağır olmasına, iqtidasi çətinliklər, dünyada gedən proseslər, iqlim dəyişkənliyi və s. aid etmək olar.

Psixiatrın sözlərinə görə, normal psixika üçün vacib şərtlərdən biri yuxudur. Amma şəhər mühitində normal yuxu yatmaq mümkün deyil: “Çünki gecə küçədə olan səs-küy, gündüz saatlarından fərqlənmir. Nəticədə insan 8 saat yatsa da, dincəlmir. Bu stress də zamanla bədəndə toplanır və psixi problemlərlə nəticələnir. Münaqişələr, stresslər, daim tələsmək, küy də insan beynini yorur”.
Daha bir iddia isə insanlarımızı hər gün dükan-bazardan aldıqları GMO(Genetik Modifikasiya Olunmuş) məhsullarının aqressivləşdirməsidir. Belə ki, orqanizmə ziyanlı olması dəfələrlə sübut edilmiş bu məhsulların psixikanı da sıradan çıxardığı sübut edilib.
Məsələn, heyvanlar üzərində aparılan araşdırmalar GMO-ların zərərsiz olmadığını göstərir. Məsələn, Şotlandiyanın Rowett İnstitutundan Dr. Arpad Pusztainin genetikası dəyişdirilmiş kartof ilə bəslədiyi siçanların hamısının daxili orqanlarında kiçilmə, həzm sistemlərində pozğunluq, immunitet sistemlərində çökmə, qan strukturlarında pozulma meydana gəlib.
Avstriya Kənd Təsərrüfatı və Səhiyyə Nazirliyinin maliyyəsi ilə Vyana Universitetinin keçən il apardığı araşdırmada isə GMO-lu qidaların verildiyi siçanların üç dörd nəsil sonra çoxalma qabiliyyətlərini itirdikləri aşkarlanıb.

Bütün bunlara baxmayaraq, belə məhsulların zərərli olmadığını iddia edənlər də var. Ancaq, bir çox ölkədə məsələn Fransa, İsveçrə, Tayland, Səudiyyə Ərəbistanı, Boliviya, Polşa, Macarıstan və Gürcüstanda genetikası dəyişdirilmiş məhsulların qadağan edilməsi bunların zərərli olduğunu göstərir.
Kənd təsərrüfatı üzrə ekspertlər isə iddia edir ki, GMO məhsulları insan orqanizmi üçün təhlükə mənbəyi sayılmır. Belə ki, yəhudilər farel balığını çox sevirlər. Genetik modifikasiya yolu ilə onlar farel balığının çəkisini qısa müddətdə artırmağa nail olublar. Yəhudilərin hamısı - uşaqdan-böyüyə qədər bu balıqdan istifadə edirlər. Nəzərə almaq lazımdır ki, İsrail elmdə, səhiyyədə kifayət qədər inkişaf etmiş ölkədir.
Azərbaycanda istehlak etdiyimiz məhsulların təxminən 90 faizə qədəri heyvan və bitki tərkibli GMO-dur. İnsan orqanizmi üçün zərərli olan məhsullar kimyəvi maddələrin tətbiqi nəticəsində istehsal edilən məhsullardır. Bu gün fermer yüksək məhsul əldə etmək üçün daha çox mineral gübrədən istifadə edir, bu isə öz növbəsində əldə olunan məhsulda orqanizm üçün zərərli olan toksik maddənin miqdarını artırır. Fermerlər bu prosesi qaydasında idarə etməkdə acizdir. Süni yaradılmış gübrələrdən ideal şəkildə istifadə edərək prosesi normal idarə etmək çox çətindir. Bitki süni yolla yaradılmış mineral maddələri daha çox mənimsəyir, havalar çox isti keçən zaman və gecələr fotosintez prosesi dayandıqda, qeyri-üzvi maddələrin üzvi maddələrə çevrilməsi prosesi dayanır. Nəticədə bitkidə və onun meyvəsində toplanan mineral maddələr toksik maddələrə çevrilir. Toksik maddələrin isə insan beyninə mənfi təsiri elm tərəfindən sübuta yetirilib.(musavat/com)

Şərhlər