Son aylarda Azərbaycanda daşınmaz əmlak bazarında maraqlı mənzərə yaranıb. Bir tərəfdən ev sahibləri mənzillərini satmaqda çətinlik çəkdiklərini bildirirlər, digər tərəfdən isə alıcılar mövcud qiymətlərin büdcələrinə uyğun olmadığını deyirlər. Buna baxmayaraq, bazarda qiymətlərdə ciddi ucuzlaşma müşahidə edilmir.
Bəs bu ziddiyyətli vəziyyət nədən qaynaqlanır? Mənzil qiymətlərinin aşağı düşməsinə nə mane olur və yaxın aylarda bazarda hər hansı dəyişiklik gözlənilirmi?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Azərbaycan daşınmaz əmlak bazarı iqtisadi nəzəriyyəni, iqtisadi reallıqları alt-üst edir.

Onun sözlərinə görə, bazarda alqı-satqı zəifləyib, tələb aşağı düşüb və əməliyyatların sayı azalıb: “Tələb və təklif arasında ciddi disbalans yaranıb, təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir. Lakin buna baxmayaraq, mənzil qiymətlərində azalma müşahidə olunmur. Bu vəziyyət xarici ölkələr, xüsusilə də klassik bazar iqtisadiyyatının hökm sürdüyü Almaniya kimi dövlətlər üçün təəccüblü görünə bilər. Çünki normal bazar şəraitində tələb azaldıqda qiymətlərin də enməsi gözlənilir. Azərbaycan reallığında isə vəziyyət fərqlidir”.
R.Osmanlı qeyd edib ki, bunun əsas səbəblərindən biri ölkədə mənzil fondunun və mənzil bazarının əsasən ilkin bazar hesabına formalaşmasıdır: “Bu bazarda qiymətlərə daha çox tikinti şirkətləri və investorlar nəzarət edir. Onlar bazar strategiyalarına uyğun olaraq qiymətləri istədikləri vaxt artıra və ya azalda bilirlər. Bu isə öz növbəsində təkrar mənzil bazarında da qiymətlərin formalaşmasına təsir göstərir və mülkiyyətçilərin qiymət siyasətinə istiqamət verir”.
Ekspert əlavə edib ki, qiymətlərin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi əsasən məcburi satış hallarında müşahidə olunur: “Belə ki, əmlak sahibi qısa müddətdə mənzilini satmağa məcbur olduqda, onu bazar dəyərindən tutaq ki, 15-20 min manat aşağı qiymətə təklif edir. Bu kimi hallarda qiymət enişi müşahidə edilsə də, digər dövrlərdə bazarda ciddi qiymət azalması baş vermir. Bazara inzibati qərarlar da təsir göstərir. İnzibati qərarlar nəticəsində bazara pul axınları var. Eyni zamanda, müəyyən ərazilərdə aparılan söküntü işləri həmin dövrlərdə yeni mənzil tələbi yaradır. Bu amillər də qiymətlərin aşağı düşməsinin qarşısını alır”.
Nəticə etibarilə, ekspertin fikrincə, Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər ya müəyyən hədd daxilində nisbətən artır, ya da sabit qalır. Qiymətlərdə nəzərəçarpacaq azalma isə, demək olar ki, müşahidə olunmur.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər