"Azərbaycan ilə Türkiyə arasında son dövrlər müşahidə olunan informasiya-siyasi xarakterli ikitərəfli böhran iki ölkənin həm hökumətləri, həm də xalqları arasındakı çoxşaxəli əlaqələrin təhlil edilməsi və yeni münasibətlər konfiqurasiyasının formalaşdırılması üçün mühüm imkanlar yaradıb. Bu böhran geosiyasi müstəviyə, iqtisadi əlaqələrə və hərbi əməkdaşlığa təsir göstərməyib".
"AzPolitika" xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov bildirib.
Onun sözlərinə görə, sözügedən hadisələr Türkiyədə Azərbaycanla bağlı məlumatlılığın artmasına səbəb olub:
“Etiraf etməliyik ki, Türkiyədə Azərbaycanı Azərbaycandakı qədər tanımırlar. Böhranın ilk günlərində bloqerlərin, ekspertlərin və siyasətçilərin yaratdığı kontentlə indiki məzmunu müqayisə etsək, görərik ki, Türkiyədə Azərbaycana dair biliklər artıb və ölkəmizin əhəmiyyəti daha dərindən daxilən qavranılmağa başlanıb”.
Türkiyədəki bəzi dairələrin bu böhranda geosiyasi səbəblər axtardığını qeyd edən ekspert hesab edir ki, əslində belə səbəblər mövcud deyil. Çünki siyasi qarşılıqlı fəaliyyət, geosiyasi maraqlar, iqtisadi mənfəət, nəqliyyat və enerji layihələri hər iki ölkənin və xalqın milli maraqları çərçivəsində işləyir: “Türkiyə Azərbaycan üçün ən yaxın ölkədir. Türkiyə Prezidenti Azərbaycan Prezidentini,əminəm ki, hamıdan yaxşı tanıyır”.
Fərhad Məmmədov xatırladıb ki, 2020-ci il müharibəsindən və 2023-cü ilin antiterror əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, 2024-cü ildə isə Rusiya qoşunları Azərbaycandan çıxarılıb. Bu dövrdə Azərbaycan ABŞ-ın (Bayden-Blinken administrasiyası), Aİ-nin (Fransa) və Rusiyanın təzyiqləri ilə üzləşib:“Bütün bu böhranlarda Azərbaycan prinsipial mövqe nümayiş etdirərək xarici qüvvələrin daxili qərarlara təsir etməsinə imkan vermədi. Türkiyədə bunu hamıdan yaxşı bilirlər, çünki onlar bu prosesin bir hissəsi olublar”.
Politoloq Türkiyədə Azərbaycanın Mərkəzi Asiya Məşvərət Formatında iştirakına birmənalı yanaşılmamasına da toxunub. Onun sözlərinə görə, bəziləri bu addımın Türk Dövlətləri Təşkilatına (TDT) zərbə vurduğunu iddia edir, lakin vəziyyətə birtərəfli prizmadan baxmaq düzgün deyil: “Mərkəzi Asiyanın məşvərət formatı ilk növbədə region dövlətlərinə xidmət edir, sərhəd mübahisələrini həll etməyə, regional inteqrasiyanı gücləndirməyə, ölkələrin müstəqilliyini artırmağa və Rusiya, Çin, ABŞ ilə Aİ arasında balans yaratmağa kömək edir. Bu format TDT-ni əvəz etmir, əksinə, Azərbaycanın burada iştirakı TDT daxilindəki proseslərin səmərəliliyini artıracaq”. Bundan əlavə, Türkiyədə Azərbaycanın cəza üçün təqdim etdiyi guya mövcud siyahıların müzakirə olunduğunu xatırladan ekspert vurğulayıb ki, bu məlumat rəsmi olaraq təsdiqlənməyib:
“Lakin Türkiyədə başa düşməlidirlər ki, antiazərbaycan əhval-ruhiyyəsi artıq bir neçə ildir davam edir və buna siyasi-hüquqi qiymət verilməlidir. Digər tərəfdən, Azərbaycan heç vaxt Türkiyədən əvvəlcə özünün Türkiyənin sorğusu ilə etmədiyi hər hansı bir addımı atmağı xahiş etməyəcək”.
Azərbaycan və Türkiyə münasibətləri tarixinin uğur hekayəsi olduğunu vurğulayan Fərhad Məmmədov əlavə edib ki, Qarabağ azad olunub, Cənubi Qafqazda Türkiyənin müttəfiqi güclü dövlətə çevrilib, neft-qaz kəmərləri enerji və maliyyə müstəqilliyini təmin edir, nəqliyyat marşrutları isə strateji əhəmiyyət qazanır. Sonda politoloq bildirib ki, hər iki dövlət və xalq qarşıda duran maneələri aşaraq sülhə, inkişafa və birliyə yönəlmiş gündəliyi formalaşdırmağa davam edəcək: “Bu yolda həm xarici, həm də daxili opponentlərimiz olacaq. Yalnız birlikdə bu qüvvələrə tab gətirə bilərik”.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər