Menu

SOCAR-ın Türkiyəyə investisiyaları 20 milyard dollara çatacaq

10.11.2026, 12:56
SOCAR-ın Türkiyəyə investisiyaları 20 milyard dollara çatacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən STAR neft emalı zavodunda (NEZ) aviasiya kerosini istehsalı üçün yeni qurğunun inşasına təxminən 120 milyon ABŞ dolları (təqribən 6 milyard Türkiyə lirəsi) yönəltməyi planlaşdırır.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə mediası "SOCAR Türkiye" şirkətinə istinadən məlumat yayıb.

Bildirilib ki, STAR NEZ aviasiya yanacağı istehsalı üçün yeni qurğunun layihələndirilməsi, satınalınması və inşası mərhələsinə keçib.

"Təxminən 6 milyard lirə məbləğindəki bu kapital qoyuluşları çərçivəsində biz aviasiya yanacağı istehsalını yeni "Jet Fuel" ("Kero-Merox") qurğusuna keçirəcəyik və hər il təqribən 600 min ton həcmində əlavə dizel yanacağı istehsalı güclərini təmin edəcəyik. Bu, bazar vəziyyətini nəzərə almaqla aviasiya kerosini və dizel istehsalını daha çevik idarə etməyimizə imkan verəcək", - "SOCAR Türkiye"nin neft emalı və neft-kimya biznes bölməsinin rəhbəri və Türkiyənin "Petkim Petrokimya Holding" şirkətinin baş direktoru Kənan Mirzəyev bildirib.

Qeyd olunub ki, layihənin icrası zavodun əməliyyat çevikliyini və enerji səmərəliliyini artıracaq, həmçinin Türkiyənin idxal olunan dizel yanacağı tədarükündən asılılığını azaldacaq. STAR NEZ-də fəaliyyət göstərən KHT ("Kerosene Hydrotreater") qurğusu yeni "Jet Fuel" ("Kero-Merox") qurğusu işə salındıqdan sonra dizel istehsalına yenidən istiqamətləndiriləcək, eyni zamanda zərurət yarandıqda KHT qurğusu aviasiya kerosini istehsalını bərpa etmək imkanını qoruyub saxlayacaq.

"Bu layihə üzrə beynəlxalq şirkətlər konsorsiumu ilə EPC müqaviləsi bağlanıb. Layihə-axtarış, satınalma və tikinti-quraşdırma işlərinə yaxın günlərdə başlanacaq, yeni "Jet Fuel" ("Kero-Merox") qurğusunun isə 2029-cu ilin birinci rübünə işə salınması nəzərdə tutulur. Bu layihə SOCAR-ın Türkiyəyə yatırdığı ümumi investisiya həcmini 20 milyard dollara çatdıracaq", - K.Mirzəyev vurğulayıb.

O bildirib ki, 2018-ci ildə istismara verilmiş STAR NEZ-in emal gücü ilkin 10 milyon tondan ildə 13 milyon tona qədər artıb: "Nəticədə STAR Türkiyənin ən böyük vahid neft emalı zavoduna çevrilib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol