Menu

İRANIN İRƏVANDA NÖVBƏTİ TƏXRİBATI - Göy Məscid erməni-fars "dostluq mərkəzi"nə çevrilir + FOTOLAR

10.11.2026, 12:50
İRANIN İRƏVANDA NÖVBƏTİ TƏXRİBATI - Göy Məscid erməni-fars "dostluq mərkəzi"nə çevrilir + FOTOLAR

İrəvanın tarixi mərkəzində yerləşən və Azərbaycan xalqının qədim irsinin incilərindən olan Göy Məscid ətrafında baş verənlər cəmiyyətimizdə haqlı olaraq sərt qəzəb və narazılıq doğurub. İranın rəsmi nümayəndəsinin iştirakı ilə məscidin daxilində erməni şairin adının daşıyan zalın yaradılması və orada müxtəlif tədbirlərin keçirilməsi təkcə tarixi saxtakarlıq deyil, həm də dini və milli dəyərlərə qarşı növbəti təxribatdır.

İrəvan xanlığının paytaxtında inşa edilən Göy Məscid (Hüseynəli xan məscidi) 1764–1768-ci illərdə məhz İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Azərbaycan - türk memarlığının şah əsərlərindən biri olan bu kompleks bir vaxtlar İrəvanın baş cümə məscidi idi. Şəhərin mərkəzində yerləşən bu nəhəng kompleksin həyətində mədrəsə, kitabxana və geniş iclas zalları fəaliyyət göstərirdi.

Sovet işğalı dövründə məsciddə ibadət qadağan olunmuş, 1931-ci ildən etibarən orada İrəvan Tarix Muzeyi yerləşdirilmiş, sonralar isə planetariy kimi istifadə edilmişdi. Ermənilərin İrəvanda yerlə-yeksan etdikləri onlarla məsciddən salamat qalan yeganə abidə məhz Göy Məsciddir. 


Müstəqillik dövründə – 1995-ci ildə İranla Ermənistan arasında əldə olunan razılaşmaya əsasən, abidənin bərpası İran tərəfinə həvalə olunmuş və işlər 2006-cı ildə başa çatdırılmışdı. Lakin illər keçdikcə bu abidənin əsl sahibindən – Azərbaycan xalqından qoparılaraq fərqli məqsədlərə xidmət etdiyi açıq şəkildə üzə çıxır.

İranın vitse-prezidenti Həmid Purməhəmmədinin İrəvana səfəri çərçivəsində bədnam hadisə baş verib. Belə ki, İrəvandakı Göy Məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Eyni zamanda, məscidin divarları arasında fars şairi Firdovsinin "Şahnamə" əsərinin erməni dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib. İranın Ermənistandakı səfirliyinin "Telegram" kanalı vasitəsilə rəsmən yayılan bu məlumat qarşı tərəfin məsələyə nə qədər "özgələşmiş" münasibət bəslədiyini göstərir. Yaxın zamanlarda isə həmin zala erməni şairin büstünün qoyulması da planlaşdırılır.


Baş verənlər həm dini, həm də milli müstəvidə qəbuledilməzdir. Əvvəla, Məscid Allahın evidir və onun içində hər hansı bir şairin adını daşıyan zalın yaradılması, ora büstlərin qoyulması İslamın ehkamlarına və məbədin toxunulmazlığına açıq-aydın xələl gətirir. Özünü "İslamın dayağı" elan edən bir rejimin nümayəndələrinin bu addımı dəstəkləməsi ikili standartların və dini dəyərlərə sadiqsizlik nümayişinin pik nöqtəsidir.

İkincisi, İrəvan xanlığının və Azərbaycan türklərinin tarixi irsi olan Göy Məscid bu gün faktiki olaraq erməni-fars "dostluq mərkəzinə" çevrilir. İran bu addımı ilə tarixi reallıqları gözardı edərək, 50 milyonluq azərbaycanlının milli qüruruna toxunur. Babalarımızın tikdiyi müqəddəs ocağın başqa adlar altında erməni simvolları ilə doldurulması Azərbaycanın İrəvandakı tarixi izlərini silməyə yönəlmiş planlı siyasətin növbəti tərkib hissəsidir.

Bu biabırçı addım bir daha göstərir ki, tarixi abidələrin qorunması pərdəsi altında həyata keçirilən layihələr əslində Azərbaycan türklərinin mədəni irsinin mənimsənilməsinə və təhrif olunmasına xidmət edir.

E.Rüstəmli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol