Menu

Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab

10.11.2026, 00:07
Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab

İran tərəfi 8 milyard dollarlıq dondurulmuş aktivlərin azad edilməsi qarşılığında Hörmüz boğazının gəmiçilik üçün açılması barədə yayılan məlumatları təkzib edib. Tehran belə bir razılaşma ilə bağlı hər hansı danışıqların aparılmadığını bəyan edərək, ABŞ ilə dialoqun yalnız özünün irəli sürdüyü tələblərin yerinə yetirilməsi şərtilə mümkün olduğunu bildirib.

“AzPolitika”nın məlumatına görə, “Fars” xəbər agentliyinə danışan və adının açıqlanmasını istəməyən rəsmi şəxs İranın 8 milyard dollar müqabilində Hörmüz boğazını yenidən açmağa hazırlaşması ilə bağlı iddiaların əsassız olduğunu vurğulayıb.

Bununla yanaşı, bir sıra beynəlxalq media orqanları, o cümlədən İsrailin “Israel Hayom” qəzeti ABŞ Prezidenti Donald Trampın Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə İranın təkliflərini müzakirə etmək məqsədilə görüşəcəyini yazmışdı.

Tehran isə Vaşinqtonla mümkün danışıqlarda mövqeyinin dəyişməz olduğunu nümayiş etdirir. İran hakimiyyətinin irəli sürdüyü əsas şərtlər arasında dəniz blokadasının tam aradan qaldırılması, ticarət gəmilərinin və neft tankerlərinin Hörmüz boğazından maneəsiz və təhlükəsiz keçidinə rəsmi təminat verilməsi yer alır.

Bundan əlavə, rəsmi Tehran birtərəfli sanksiyaların ləğvini, neft ixracına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını və xarici ölkələrdə dondurulmuş İran aktivlərinin sərbəst buraxılmasını tələb edir. İranın digər tələbləri isə nüvə materiallarının ölkə ərazisində saxlanılmasına imkan verilməsi, mövcud hərbi qarşıdurmanın dayandırılması və müharibəyə son qoyulması ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol