ABŞ Prezidenti Donald Tramp gələn həftə Çində Rusiya lideri Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Tszinpin ilə tarixi üçtərəfli görüş keçirə biləcəyini açıqlayıb. Qlobal siyasətin ağır çəkili liderlərini bir masa arxasında birləşdirəcək bu təmasların əsas gündəmini İran müharibəsinə son qoyulması və nüvəsizləşdirmə məsələləri təşkil edir.
Ağ Ev rəhbərinin sözlərinə görə, noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində bu formatın baş tutması gözlənilir. Tramp jurnalistlərə açıqlamasında bildirib: "Hesab edirəm ki, bu görüş baş tutacaq və çox maraqlı keçəcək. Biz bir çox məsələləri, o cümlədən nüvəsizləşdirməni müzakirə edəcəyik. Əsas məqsədlərimizdən biri də İran müharibəsinə son qoymağa çalışmaqdır".
Hələ oktyabrın 21-də Kreml bu üçtərəfli formatın hazırlandığını təsdiqləmişdi. "The Wall Street Journal" nəşrinin yaydığı məlumata görə, əslində Putinin bu üçtərəfli görüşdə əsas hədəfi Ukrayna böhranının Moskvanın xeyrinə həlli üçün zəmin yaratmaq idi. Lakin Ağ Evdəki müşavirlərin Trampa Ukrayna mövzusundan uzaq durmağı ciddi şəkildə tövsiyə etdikləri bildirilir.
Ekspertlər bu görüşün motivlərini fərqli qiymətləndirirlər. ABŞ Dövlət Departamentinin keçmiş yüksək vəzifəli rəsmisi Denni Rassel qeyd edib ki, avtokrat liderlərə xüsusi rəğbəti ilə seçilən Tramp üçün bu təmas cazibədar olsa da, Putin üçün bu, Rusiyanın Qərbin sanksiyalarından və təcridindən çıxarılması istiqamətində əsl diplomatik qələbə deməkdir.
Demokratiyaları Müdafiə Fondunun Çin proqramının baş direktoru Kreyq Singlton hesab edir ki, bu görüş praktiki nəticədən daha çox sadəcə tarixi bir foto imkanı ola bilər: "Putinin ABŞ və Çin liderləri ilə eyni kadrda görünməsi mühüm simvolizm daşıyır. Lakin bu cür şou xarakterli görüşlərin diplomatik dividentləri getdikcə azalır".
Digər tərəfdən, Stimson Mərkəzinin Çin proqramının direktoru Sun Yun hesab edir ki, formatın hələ dəqiq məzmunu və çərçivəsi müzakirə olunur: "Çin bu prosesdən imic qazanmaq istəyir, lakin bunun siyasi və iqtisadi xərclərini üzərinə götürməyə çalışır".
Xatırladaq ki, bu səfər çərçivəsində Tramp bu il üçüncü dəfə Si Tszinpin ilə də ikitərəfli görüş keçirəcək. Yanvar ayında müddəti başa çatacaq kövrək ticarət barışığı fonunda Şençjendə baş tutacaq bu sammit həm ticarət müharibələri, həm də Yaxın Şərq və qlobal təhlükəsizlik baxımından həlledici dönüş nöqtəsi ola bilər.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər