"İki gün əvvəl Prezident Ərdoğanla çox pozitiv görüş keçirdim. Qeyd etdik ki, irəliləyiş əldə etmişik və son mərhələyə - diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına çox yaxınıq".
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Dublin Beynəlxalq və Avropa İşləri İnstitutundakı çıxışı zamanı deyib.
Paşinyan bildirib ki, İrəvan Türkiyə ilə münasibətləri tam normallaşdırmağa və Azərbaycanla davamlı sülh yaratmağa yaxındır.
Azərbaycanla münasibətlərdən danışan Baş nazir qeyd edib ki, Prezident İlham Əliyevlə görüşdən sonra uzunmüddətli sülhə nail olmaq üçün real şansın olduğu qənaətinə gəlib. Onun sözlərinə görə, hazırda hər iki ölkə ilə münasibətləri normallaşdırmaq üçün tarixi bir fürsət var və Ermənistan bunu əldən verməməlidir.
“İndi davamlı və təhlükəsiz bir sülh yaratmaq üçün çox real və tarixi bir fürsətimiz var. Bu fürsəti əldən vermək bağışlanmaz olardı. Bu tarixi fürsətdən istifadə etmək mənim şəxsi missiyam və hökumətimizin missiyasıdır”, - deyə Paşinyan vurğulayıb.
Paşinyan həmçinin Türkiyə ilə münasibətlərdəki praktik dəyişiklikləri qeyd edib. Onun sözlərinə görə, birbaşa quru sərhədi üzərindən tam hüquqlu ikitərəfli ticarət hələ mümkün olmasa da, ticarət üçün yeni imkanlar yaranıb.
Onun sözlərinə görə, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması Ermənistanın gələcəyi, o cümlədən Avropa Birliyi ilə əlaqələrin inkişafı üçün vacibdir.
“AzPolitika.info”


Şərhlər