Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağında yaranmış qəza vəziyyətinin aradan qaldırılması üçün təmir işlərinə başlanılması nəzərdə tutulur.
"Report"un Muğan bürosunun məlumatına görə, təmir tədbirləri ilə əlaqədar cari ilin dekabrın 1-dən İmişli rayonu ərazisində fəaliyyət göstərən suvarma kanallarının əksəriyyətinə suyun verilməsi müvəqqəti dayandırılacaq.
İşlərin təxminən iki ay ərzində tamamlanacağı gözlənilir.
Qeyd edək ki, 1958-ci ildən fəaliyyət göstərən Bəhrəmtəpə hidroqovşağı Mil-Muğan düzünün suvarma infrastrukturunun əsas hissələrindən biridir. Araz çayı üzərində yerləşən qurğu İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad və digər rayonların kənd təsərrüfatı sahələrinin su ilə təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Saniyədə 2 700 kubmetr suötürmə gücünə malik hidroqovşaq yüz minlərlə hektar əkin sahəsinin suvarılmasını təmin edir.


Şərhlər