Menu

PAŞİNYAN RUSİYAYA NİYƏ GEDƏCƏK? - Moskvada çətin görüş və İrəvanı gözləyən “soyuq dekabr"

16.11.2026, 10:32
PAŞİNYAN RUSİYAYA NİYƏ GEDƏCƏK? - Moskvada çətin görüş və İrəvanı gözləyən “soyuq dekabr"


Ermənistanın baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda (Institute of International and European Affairs – IIEA) ekspertlərlə keçirilən görüş zamanı bildirib ki, 3, 11 və 22 dekabr tarixlərində Rusiyaya səfər edəcək. O, Rusiya ilə münasibətlərdə dostluq mühitini qoruyub saxlaya biləcəklərinə ümid etdiyini deyib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi də daxil olmaqla son dövrlər Moskva-İrəvan xəttində müşahidə edilən gərginlik fonunda Paşinyanın Rusiyaya bir ay ərzində üç dəfə səfər etmək planının səbəbləri maraqlıdır. İstisna deyil ki, İrəvan Moskva ilə “dil tapmağa” çalışacaq.



Lakin burada bir sual önə çıxır: Paşinyan Rusiyaya bir ayda niyə üç dəfə səfər edəcək?

Bu səfərin ikisinin proqramı müəyyən qədər bəllidir. Avrasiya Hökumətlərarası Şurasının iclasının dekabrın 11-də Moskvada keçirilməsi planlaşdırılır. Ali Avrasiya İqtisadi Şurasının iclasının da konkret günü açıqlanmasa da, dekabrda olacağı (21 dekabrda olacağı məlumatları var) gözlənilir, 22 dekabrda isə Sankt-Peterburqda MDB liderlərinin ənənəvi xarakter alan qeyri-rəsmi sammiti keçiriləcək.

Ermənistan baş nazirinin Rusiyaya planlaşdırdığı səfərin ikisinin səbəbi aydın olur: 11 dekabrda Avrasiya Hökumətlərarası Şurasının, 21 dekabrda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək, bir gün sonra – 22 dekabrda da MDB liderlərinin sammitinə qatılacaq.

Avrasiya Hökumətlərarası Şurasının və Ali Avrasiya İqtisadi Şurasının iclasları Ermənistan üçün əvvəlki iclaslardan fərqlidir. Çünki 11 dekabrda keçiriləcək iclasda Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük məsələsinin müzakirə ediləcəyi gözlənilir. Bu, Ermənistan üçün strateji əhəmiyyət daşıyan məsələdir, xüsusilə KTMT-də səsvermə hüququnun ləğv edilməsi fonunda.



İrəvan uzun müddətdir KTMT-də fəaliyyətini dondursa da, təşkilat gözləmə mövqeyində idi və Ermənistanla problemləri həll etmək istiqamətində işləyirdi. Bu baxımdan, səsvermə hüququnun ləğv edilməsi nə qədər gözlənilən olsa da, Ermənistan üçün bu addımın Aİİ ilə bağlı da atılacağının siqnalı hesab oluna bilər. KTMT-dən fərqli olaraq, Aİİ üzvlüyü Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki Aİİ bazarından asılıdır və rəsmi İrəvan Rusiyadan uzaqlaşmaq xəttində hərbi dəstək və təhlükəsizlik məsələlərində Avropadan müəyyən dəstək qazansa da, iqtisadi yardım, yaxud alternativ bazar əldə edə bilməyib.

İrəvana “ikisindən birini seç” tələbi

Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olduğu halda Avropa İttifaqına üzvlük istiqamətində addımlar atması ciddi narazılıq doğurub. Əvvəlcə Moskva İrəvana “iki ittifaqdan birini seç” çağırışları etdi, daha sonra Aİİ üzv dövlətləri bu çağırışa qoşuldu. Avrasiya Ali İqtisadi Şurasının mayın 29-da Astanada keçirilən iclasında Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanın Aİ-yə üzvlük prosesi ilə bağlı birgə bəyanat qəbul etdilər. Bəyanatda vurğulanırdı ki, Ermənistan eyni vaxtda həm Aİİ-nin, həm də Aİ-nin üzvü olması mümkünsüzdür. Buna görə Ermənistana Aİİ və Aİ arasında seçim etmək üçün mümkün qədər qısa müddətdə referendum keçirməsi təklif olunub. Həmin bəyanatda Ermənistanın Aİİ üzvlüyünün dekabr ayında keçirilən iclasda müzakirə ediləcəyi də qeyd olunurdu.

Ermənistanın Aİ-yə üzvlük məsələsi uzunmüddətli prosesdir, bu baxımdan, İrəvanın çətin vəziyyətə düşdüyü görünür. Belə demək mümkünsə, Avropa ailəsinə qoşulmaq perspektivi dumanlı görünən Ermənistan Aİİ-dən də məhrum ola bilər.



Aİİ-dən çıxmaq Ermənistan üçün nə deməkdir?

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın oktyabrın 20-də birgə yayımladığı hesabatda Aİİ-dən uzaqlaşdırılacağı təqdirdə, Ermənistanın üzləşəcəyi itkilər əks olunur.

- ÜDM 15,6 faiz azala, inflyasiya 14,9 faiz arta, istehlak 14,6 faiz aşağı düşə bilər.
- Qazın qiyməti hər 1000 kubmetr üçün 177,5 dollardan 300 dollara yüksələ - 69 faiz arta bilər: bu rəqəmlərin təxmini xarakter daşıdığı və bazardakı vəziyyətə görə real qiymətin daha yüksək ola biləcəyi vurğulanır.
- Ölkə vətəndaşları üçün əmək miqrasiyasının şərtləri sərtləşə bilər.
- İdxal 2025-ci illə müqayisədə 48,8 faiz azalaraq, 4,82 milyard dollardan 2,47 milyard dollara düşə bilər.
- Aİİ ölkələri ilə ümumi ticarət dövriyyəsi 55,6 faiz azala bilər.
- İstehsal olunan malların ixracı 30-50 faiz, təkrar ixrac isə 90 faizdən çox azala bilər.


Bu, Ermənistanın itkilərinin bir qismidir. Hesabatın Aİİ ölkələri tərəfindən hazırlanması onun birtərəfli olduğu təəssüratını yarada bilər, lakin Ermənistanın iqtisadi baxımdan Rusiyadan, eləcə də ittifaqa üzv olan digər ölkələrin bazarından böyük ölçüdə asılı olması faktı dəyişməz olaraq qalır. Bu baxımdan, Aİİ üzvlüyündən çıxarılmaq Ermənistan üçün iqtisadi çöküş kimi qiymətləndirilir.

Paşinyanın Rusiyaya səfərlərinin məqsədi də məhz bu prosesin qarşısını almağa hesablanıb. Ermənistan üçün 3 dekabr səfərinin xüsusilə vacib olduğu görünür. Çünki 11 dekabrda ölkənin Aİİ-yə üzvlüyü məsələsi müzakirə olunacaq, Paşinyan buna qədər Moskvaya getmək və Rusiya prezidenti Vladimir Putinlə görüşərək, problemləri həll etmək istəyir.



Paşinyan Putindən nə istəyəcək?

3 dekabr səfəri ilə bağlı detallar bəlli olmasa da, Paşinyanın bu tarixdə Moskvaya getməyə hazırlaşdığı və Putinlə ikitərəfli danışıqlar aparmaq istədiyi bəllidir.

Ermənistanın baş naziri planının iki mümkün məqsədinin olduğunu deyə bilərik.

Birincisi, Putinlə ikitərəfli müzakirələrlə münasibətləri normallaşdırmaq, Moskva-İrəvan xəttində yaranmış problemləri yoluna qoymaqdır.
İkincisi, Rusiya ilə anlaşaraq, Aİİ-nin gündəliyindən “Ermənistanın üzvlüyünün müzakirəsi”ni çıxarmaq, ümumiyyətlə “Aİ və Aİİ arasında seçim” məsələsini arxa plana keçirməkdir.


Paşinyanın buna nə qədər nail olacağı sual altındadır. Çünki rəsmi İrəvan Avropaya inteqrasiya xəttindən, Aİİ ölkələri isə “iki ittifaqdan birini seç” tələbindən geri çəkilmək istəmir. Aydın görünür ki, növbəti ay Rusiyada Paşinyanı çətin səfər, Aİİ-dən çıxarılmaq riski ilə üzləşən Ermənistanı isə “soyuq dekabr” gözləyir.

Nəriman

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol