Menu

“YENİ NƏSİL DÜNYA MÜHARİBƏSİ GEDİR...” – “Bu səbəbdən kollektiv Qərbin Azərbaycana ehtiyacı var...”

18.11.2026, 16:06
“YENİ NƏSİL DÜNYA MÜHARİBƏSİ GEDİR...” – “Bu səbəbdən kollektiv Qərbin Azərbaycana ehtiyacı var...”

Sülhəddin Əkbər: “Böyük Britaniyanın türk dövlətlərinə böyük ehtiyacı var, bizim Turan layihəmizi dəstəkləmək məcburiyyətindədir”

"İran məsələsi, böyük ehtimalla, uzanan, “sürünən” bir prosesə çevriləcək.."

Dünya siyasətində yeni güc balansının formalaşdığı, böyük dövlətlər arasında rəqabətin getdikcə kəskinləşdiyi bir vaxtda Ukraynanın Krım körpüsünə endirdiyi zərbələr, Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi və ABŞ, Rusiya və Çin liderlərinin gözlənilən görüşü beynəlxalq gündəmin əsas müzakirə mövzularına çevrilib. Bir tərəfdən Ukrayna cəbhəsində təşəbbüsü ələ almağa çalışan Kiyev, digər tərəfdən İranda müharibə, ABŞ ilə Avropa arasında dərinləşən fikir ayrılıqları və yeni güc mərkəzlərinin meydana çıxması qlobal geosiyasi mənzərəni daha da mürəkkəbləşdirir.

Bu proseslər fonunda Cənubi Qafqazın və xüsusilə Azərbaycanın strateji əhəmiyyəti də artır. Mərkəzi Asiyaya çıxış, Orta Dəhliz, Zəngəzur istiqaməti və Türkiyə-Azərbaycan-Böyük Britaniya əməkdaşlığı regionun gələcək geosiyasi konfiqurasiyasında mühüm rol oynaya bilər. Eyni zamanda, Rusiyanın zəifləməsi fonunda İranın Cənubi Qafqazda daha dağıdıcı rol oynamaq ehtimalı da diqqətdən kənarda qalmamalıdır.

Milli siyasət məsələləri üzrə ekspert Sülhəddin Əkbər “AzPolitika”ya müsahibəsində bu və digər aktual məsələlərə münasibət bildirib. O, Krım körpüsünə hücumun siyasi və hərbi əhəmiyyətindən, Çin sammitinin real nəticələrindən, İran böhranının mümkün inkişaf ssenarilərindən, ABŞ-Avropa münasibətlərinin gələcəyindən və yeni dünya nizamında Azərbaycanın artan rolundan danışıb.

Müsahibəni təqdim edirik:

– Sülhəddin bəy, bu günün ən sensasiyalı xəbərlərindən biri Ukrayna ordusunun Krım körpüsünə zərbə endirərək onu yararsız vəziyyətə salmasıdır. Təbii ki, strateji obyektə qarşı əməliyyatın məhz bu gün həyata keçirilməsi təsadüfi deyil. Ukraynanın əvvəllər də körpünü dağıtmaq üçün hərbi imkanları var idi. Məlumdur ki, mayın 19-da Çində Si Cinpin, Donald Tramp və Vladimir Putin arasında görüş keçirilməlidir. Ukrayna da məhz bu sammit ərəfəsində öz mesajını verir. Bu hadisəni necə qiymətləndirirsiniz?

- Əvvəla, bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür (müsahibə dünən götürülüb-red.). Mən bütün Azərbaycan xalqını, xüsusilə də demokratik və milli-demokratik düşərgəni səmimi qəlbdən təbrik edirəm. Bu yolda canından keçənlərə Allahdan rəhmət, mübarizədə sağlamlığını itirənlərə şəfa, qalanlara isə can sağlığı arzulayıram.

Bilirsiniz, belə ciddi görüşlərdən əvvəl qarşı-qarşıya olan tərəflər masa arxasında öz siyasi mövqelərini gücləndirmək üçün, xüsusilə də müharibə vəziyyətindədirlərsə, bir-birlərinə hərbi mesajlar göndərirlər. Bununla danışıqlarda mövqelərini daha da gücləndirməyə çalışırlar. Çünki qapalı və gizli keçirilən görüşlərdə razılığın əldə olunması üçün, bir qayda olaraq, zəif tərəfə daha çox təzyiq göstərilir. Güclü, üstün mövqedə olan, xüsusilə də qalib tərəf öz şərtlərini diktə edir. Buna görə də razılaşmanın əldə olunması üçün əsas təzyiq zəif tərəfə yönəldilir.

Bilirsiniz ki, cəbhə xəttində Ukrayna artıq aylardır təşəbbüsü ələ alıb. Rusiya nümayəndələrinin danışıqlardakı çıxışlarına diqqət yetirsəniz, onların artıq döyüş meydanındakı real vəziyyətdən danışmadıqlarını görərsiniz. Döyüş meydanında Ukrayna Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyən, geri çəkilməyə məcbur qalan və operativ təşəbbüsü - hələlik strateji təşəbbüs deməzdim, bunun üçün tezdir - aylardır əlindən vermiş Rusiya çalışır ki, ordunun arxasında dayanan xalqı sarsıtsın. Buna görə də hazırda Rusiyanın zərbələri əsasən Ukrayna xalqına yönəlib.

Bu baxımdan diqqət etsəniz, Ukraynanın zərbələri də əsasən Rusiya ordusunun maliyyə və hərbi dəstəyini kəsməyə hesablanıb. Bunun üçün Rusiyanın neft-qaz infrastrukturuna, eyni zamanda hərbi obyektlərinə - raket və dron bazalarına zərbələr endirilir. Çünki hazırda Ukraynaya qarşı əsas hücumlar dron və raketlərlə həyata keçirilir.

Krım körpüsünə endirilən zərbələrə gəlincə, bilirsiniz ki, həm ayın 16-na keçən gecə, həm də 17-nə keçən gecə təkrar hücumlar olub. Bu zərbələr, bir tərəfdən, strateji xarakter daşıyır. Çünki məqsəd Krımla Rusiya arasındakı birbaşa əlaqəni kəsməkdir. Digər tərəfdən isə simvolik məna daşıyır. Bu körpü Krımın Rusiyaya birləşdirilməsinin və Putinin bir növ “sarsılmaz” qələbəsinin simvoludur.

Ona görə də bu, birbaşa Rusiya elitasına, rus xalqına, eləcə də Tramp başda olmaqla ABŞ prezident administrasiyasına və Ukraynanın dostlarına göndərilən mesajdır.

Diqqət edirsinizsə, son günlər Avropa İttifaqının Ukraynaya dəstəyi də daha da artıb. Əlavə olaraq 1,7 milyard avro ayrılıb, 8 milyard avronun ayrılması prosesi davam edir. Bir sözlə, bu, təkrar edirəm, həm strateji, həm simvolik, həm də siyasi-strateji xarakterli zərbədir. Eyni zamanda, danışıqlar prosesində Putinin mövqeyinə vurulan zərbədir. Əksinə, Ukraynanın mövqeyini gücləndirən addımdır.

Ruslar Kremlin və Valdayın mühafizəsindən sonra ən çox qoruduqları obyektlərdən biri kimi məhz Krım - Kerç körpüsünə xüsusi diqqət yetirirlər. Rusiyanın vəziyyəti artıq o həddə çatıb ki, belə qorunan bir obyekti də müdafiə edə bilmir.

– Rusiyanın cavabı nə ola bilər?

-Rusiyanın cavabı, təbii ki, olacaq. Məncə, Rusiya öz ifadələri ilə desək, qərar qəbuletmə mərkəzlərinə zərbələr endirməyə çalışacaq. Yəni Ukraynanın dövlət və hökumət nümayəndələrinin, hətta dövlət başçısının hədəfə alınması gündəmə gələ bilər.

Əgər bunu edə bilməsələr, Kiyevdəki körpülərə güclü zərbələr endirməyə və həmin körpülərdən ən azı birini tam sıradan çıxarmağa çalışacaqlar. Mən əsas zərbələrin bu istiqamətdə olacağını düşünürəm.

- Bu ayın 19-da Çində keçiriləcək görüş Rusiyada növbəti Yalta görüşü kimi təqdim olunur. Müasir reallıqlar fonunda bu görüşün praktiki əhəmiyyəti nədən ibarətdir?

-Yaltakonfransı nə vaxtkeçirilib? İkinci Dünya müharibəsinin taleyi, prinsip etibarilə, artıq həll olunduqdan sonra – 1945-ci il fevralın 4-dən 11-dək. Yeri gəlmişkən, konfrans Krımın Yalta şəhərində keçirilmişdi. Həmin vaxt İkinci Dünya müharibəsinin taleyi artıq müəyyənləşmişdi, qaliblər bəlli idi və bu, qalib tərəflər arasında dünyanın bölüşdürülməsi məsələsinin müzakirəsi idi.

Burada isə mən həmişə söylədiyim fikri bir daha təkrar edirəm: fikrimcə, yeni nəsil dünya müharibəsi gedir. Bu müharibənin taleyi hələ bəlli deyil, qalibləri də məlum deyil. Nə vaxt ki, bu son dünya müharibəsinin taleyi həll olunacaq və qaliblər bəlli olacaq, yalnız bundan sonra qalib tərəflər masa arxasına əyləşərək dünyanın bölüşdürülməsi məsələsini müzakirə edə bilərlər. Ona görə də indiki görüşün Yalta konfransı ilə müqayisəsini yersiz və vaxtından əvvəl hesab edirəm. Düşünürəm ki, bu, daha çox jurnalistlərin oxucu diqqətini çəkmək üçün istifadə etdikləri üsuldur. Yeri gəlmişkən, bu üç dövlətin heç birinin qlobal səviyyədə ciddi uğuru yoxdur:

Rusiya Ukraynada, ABŞ isə İranda bataqlığa düşüb. Çin isə ümumiyyətlə, hərbi gücündən istifadə edərək Tayvan məsələsini həll etməyə hələlik cürət etmir.

Belə olan halda, onlar nəyi bölüşdürəcəklər? Açığı, bu, mənim üçün aydın deyil. Sadəcə olaraq, aktual qlobal məsələləri müzakirə edə, öz mövqelərini açıqlaya və fikir mübadiləsi apara bilərlər.

Bir neçə gündən sonra bəlli olacaq ki, prinsip etibarilə, heç bir məsələdə əsaslı razılıq əldə olunmayıb. Çin özünü burada daha üstün mövqedə hesab edir. Çünki Amerikadan və Rusiyadan fərqli olaraq, Çin hələlik hərbi qarşıdurmaya girərək özünü çətin vəziyyətə salmayıb. Buna görə də həm ev sahibi kimi, həm də bu baxımdan müəyyən psixoloji üstünlüyə malikdir.

- Bəs İran ətrafında vəziyyət necə inkişaf edə bilər? ABŞ üçüncü təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərib, hərbi gücünü artırır. Yanvara qədər irimiqyaslı hərbi əməliyyatlar mümkündürmü?

- Vəziyyət, həqiqətən də, ziddiyyətlidir. Netanyahu seçkilərdən sonra çətin vəziyyətə düşüb və hökumətin formalaşdırılması problemi ilə üzləşib. Eyni zamanda, Tramp və onun partiyası aralıq seçkilərdə məğlub olub. Həm Nümayəndələr Palatasında, həm Senatda, həm də qubernator seçkilərində uduzublar. Bu baxımdan, hər iki lider öz ölkələrində araşdırmalarla üzləşib. İsraildə Netanyahuya qarşı cinayət araşdırmaları aparılır, ABŞ Konqresində isə yanvarın 3-dən fəaliyyətə başlayacaq Nümayəndələr Palatasında impiçment üçün hazırlıq işləri görülür. Hər iki lider küncə sıxılıb. Belə vəziyyətdə olan liderlər çıxış yolu tapmaq üçün nəzəri cəhətdən böyük addım ata bilərlər. Amma burada risk həddindən artıq yüksəkdir. Bu addımın nəticə verməməsi ehtimalı da böyükdür.

Bəs əsas gözlənti nədir, strateji nəticə nə ola bilər? Əsas gözlənti İranda rejimin dəyişdirilməsi və ya ən azı Hörmüz böğazının açılmasıdır. Mən hesab edirəm ki, İran məsələsinin həlli rejimin dəyişməsindən keçir. Rejimin dəyişdirilməsi isə böyük strateji planın hazırlanmasını, qonşu ölkələrin – ən azı Türkiyə, Azərbaycan və Pakistanın, təbii ki, Körfəzin ərəb ölkələrinin də – bu plana cəlb edilməsini tələb edir. Bu ssenaridə taktiki nüvə silahından istifadə məsələsi də gündəmə gələ bilər.

Bəs belə böyük riskə bu qədər qısa müddətdə gedə bilərlərmi? Xüsusilə də ortada belə bir strateji plan olmadığı halda? Hazırda belə bir strateji planın mövcud olduğunu düşünmürəm. Belə bir planın əlamətləri görünmür. Hətta plan gizli saxlanılsa belə, hər halda onun müəyyən əlamətlərini görərdik.

Ona görə də düşünürəm ki, “topal ördək” durumuna düşmüş Trampın administrasiyası və Netanyahunun rəhbərlik etdiyi müvəqqəti hökumət belə böyük addıma, xüsusilə də taktiki nüvə silahından istifadəyə gedə bilərmi? İsrail buna həvəslidir və Netanyahu hökuməti belə bir addıma gedə bilər. Trampın psixoloji vəziyyətini, sinir sisteminin dayanıqsızlığını, yaşını və intellektual səviyyəsini də nəzərə alsaq, kiçik də olsa, belə bir ehtimal var.

Bununla belə, mən nə ABŞ “dərin dövləti”nin, nə İsrailin “dərin dövləti”nin, nə də müxalifətinin belə bir planın reallaşmasına razılıq verəcəyini düşünürəm. Hərçənd ABŞ-nin planı qısamüddətli və intensiv zərbələr endirməkdən ibarətdir. Məqsəd İranın bu zərbələrə uzunmüddətli cavab verə bilməməsi və müharibənin uzadılmasının qarşısını almaqdır. Eyni zamanda, elə bir addım atılmalıdır ki, şok effekti yaratsın, İran xalqını ayağa qaldırsın və rejimin dəyişdirilməsinə yol açsın.

Mən Tramp administrasiyasının və Netanyahu hökumətinin buna hazır olduğunu düşünmürəm. Əgər belə bir addıma getsələr belə, təkrar edirəm, ehtimal az olsa da, bu riski qəbul edə bilərlər, onların real nəticə əldə edəcəklərinə inanmıram.

-Bəs İran böhranının yaxın perspektivdə həlli necə görünür?

-Yaxın perspektivdə bunun həlli görünmür. İran məsələsinin həlli üçün ilk növbədə uzunmüddətli strateji plana ehtiyac var. Bu planda strateji önəmli bütün daxili və xarici amillər, başda Azərbaycan və Türkiyə olmaqla, qonşu ölkələr və onların İran daxilindəki strateji uzantıları nəzərə alınmalıdır. Türkiyə, Azərbaycan, Pakistan və Körfəz ölkələri prosesə cəlb edilmədən bu məsələnin nəinki yaxın perspektivdə və qısa müddətdə, ümumiyyətlə həlli mümkün görünmür.

Hələlik nə ABŞ-də, nə Avropada, nə də başqa bir güc mərkəzində belə bir siyasi iradənin olduğunu görürəm. Buna görə də İran məsələsi, böyük ehtimalla, uzanan, “sürünən” bir prosesə çevriləcək. Bu problemin görünən perspektivdə həlli üçün ya ABŞ-da ciddi lider ortaya çıxmalıdır - bunun üçün ən azı 2028-ci ilə qədər gözləməli olacağıq ya da vitse-prezident Vensin razılığı alınmalıdır.

Amma Vensin dünyagörüşünü və Respublikaçıların 2028-ci il seçkilərində qalib gəlmək ehtimalının az olduğunu (Bunu hətta onların arxasında dayanan əsas siyasi texno-oliqarxlardan biri olan Piter Til də qeyd edib.) nəzərə alsaq, onun belə bir addım atacağını düşünmürəm.

Lakin əgər ABŞ “dərin dövləti” belə bir qərar verərsə və Vensin hakimiyyətə gəlməsinə yardım edərsə, impiçment baş tutarsa – əlbəttə, bunların hamısı ehtimallardır – bəlkə də bundan sonra belə bir strateji plan hazırlana bilər. Ona görə də yaxın dövrdə İran məsələsinin həllini görmürəm. Bu vəziyyətin davam etməsi, təbii ki, İran üçün də çox ağır olacaq. Xüsusilə ciddi sosial-siyasi nəticələr verə biləcək sosial-iqtisadi geriləmə - reqres baxımdan.

Əgər İranın təkcə Oman körfəzi və dənizi tərəfdən deyil, bütövlükdə -hərtərəfli iqtisadi blokadaya alınması siyasəti uğurlu olarsa, o zaman qısa və orta perspektivdə, məsələn, beş il ərzində İranda daxili amillərdən istifadə etməklə rejim dəyişikliyi məsələsi gündəmə gələ bilər. Amma bunun üçün də ABŞ və İsrailin, eləcə də Çin və Rusiyanın razılaşması lazımdır.

Bir daha qeyd edirəm ki, hələlik belə bir strateji plan yoxdur. İqtisadi blokada da lazımi nəticəni vermir. Çünki burada Rusiya və Çin amilləri mühüm rol oynayır. Ona görə də hazırda bütün variantlar açıq qalır.

– Sülhəddin bəy, ABŞ-də Trampın prezidentliyi dövründə Avropa ilə münasibətlərdə ciddi çatların yaranması və Avropanın artıq müstəqil güc mərkəzi kimi çıxış etmək iddiaları bizim regiona necə təsir göstərəcək?

-Rusiya-Ukrayna müharibəsi başlayandan, yəni 2022-ci il fevralın 24-dən etibarən yeni dünya nizamı quruculuğu prosesi həlledici mərhələyə daxil olub. Bununla bağlı olaraq geosiyasi hədəfləri olan, strateji xarakter daşıyan müharibələr başlayıb. Ukrayna cəbhəsi bu qlobal strateji savaşın bir cəbhəsidir. Bu, həm də Avropa cəbhəsidir.

Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ABŞ-nin İkinci Dünya müharibəsindən sonra qurduğu bütün qlobal sistemə, o cümlədən Avroatlantik sistemə ciddi zərbələr vurmağa başladı. Bu zərbələr həm Avropa İttifaqına, həm də NATO-ya yönəldi. Bu isə Avropada əvvəldən mövcud olan strateji müstəqillik və geosiyasi suverenlik ideyalarını daha da gücləndirdi. Hazırda yeni dünya nizamının qurulmasının həlledici mərhələsindəyik. Çoxmərkəzli geosiyasi keçid dövrünü yaşayırıq. Lakin bu mərkəzlərin hamısı eyni gücə malik deyil.

Əsas və ən güclü mərkəz hələ də yeganə superdövlət olan ABŞ-dir; Qlobal liderliyə iddia edən və yüksəlişdə olan Çin var;

Geriləmə dövrünü yaşayan, Ukrayna bataqlığına düşmüş Rusiya var. Bununla belə, Rusiya hələ də böyük kəşfiyyat imkanlarına və nüvə arsenalına malikdir.

Eyni zamanda, yeni iddiaçılar da formalaşır. Bunlar “Qlobal Britaniya” layihəsi ilə Böyük Britaniya (BB), Türk Dövlətləri Təşkilatı və Turan layihəsi ilə Türkiyə, “Global Gateway” layihəsi ilə Avropa İttifaqı, həmçinin yeni dünya nizamında qlobal liderliyi ələ keçirmək istəyən dünya yəhudiliyidir (başda İsrail, BB və ABŞ-dəki yəhudi lobbisi olmaqla). Görürsünüz, nə qədər güc mərkəzi var! Buna görə də baş verən prosesləri təhlil etmək, qiymətləndirmək və anlamaq həqiqətən də çətindir. Bütün bunların üzərinə orta regional və kiçik yerli/lokal amilləri də əlavə etsək, qarşımızda çoxsaylı və çoxməchullu amillərdən ibarət mürəkkəb bir intellektual tənlik yaranır.

Hazırda Avropanın qarşısında yeni imkanlar açılıb. Bunun əsas səbəbi məhz Trampın apardığı siyasət və onun arxasında dayanan reallıqlardır.Avropa Almaniyanın liderliyi ilə güclənməyə başlayıb. Fransa və İngiltərə də öz planları əsasında mövqelərini möhkəmləndirməyə çalışırlar. Türkiyə də yüksəlişdədir. Lakin onun qarşısında iki əsas çətinlik var.

Birincisi, maliyyə resurslarının məhdudluğu və iqtisadi potensialının hələ də yetərli səviyyədə olmamasıdır. Hərçənd Türkiyənin ümumi daxili məhsulu artıb və hərbi sənaye kompleksi sürətlə inkişaf edir.

İkincisi, TDT üzvü olan digər Türk dövlətlərinin postsovet ölkələri, bəzilərinin başçılarının da “rusdilli türklər” olmasıdır. Bu və bəzi digər amillər ümumtürk birliyi layihəsinin inkişafına mənfi təsir göstərir.

-Bəs ABŞ-də demokratların Konqresi bütünlüklə ələ keçirməsi qlobal proseslərə necə təsir edə bilər?

- ABŞ Konqresində demokratların üstün mövqe əldə etməsi birincisi, ağır zədə almış, önəmli dərəcədə pozulmuş Avroatlantik (AB və NATO ilə) münasibətlərin bərpası, normallaşması prosesinə müsbət təsir göstərəcək. Konqres çalışacaq ki, həm birbaşa əlaqələr, həm də qanunvericilik vasitəsilə Tramp administrasiyasına təzyiq göstərərək bu münasibətləri qaydaya salsın. Bir tərəfdən Trampın dağıdıcı siyasətinin məhdudlaşdırılması, digər tərəfdən Avropa (BB, AB və NATO) ilə ciddi iş aparılması və gələcək prezident seçkilərinə erkən hazırlıq prosesi başlayacaq. Bu müddətdə Avropa ilə ABŞ arasındakı münasibətlərin Trampın ilk ikiillik prezidentliyi dövründəki vəziyyətə nisbətən yumşalacağını gözləmək olar. Bununla belə, Avropa strateji müstəqillik və geosiyasi suverenlik uğrunda irəliləməyə davam edəcək. Çünki Almaniya, İngiltərə və Fransada bu istiqamətdə prinsipial strateji qərarlar artıq qəbul olunub.

İkincisi, Rusiya qlobal siyasətdəki başlıca strateji təsir alətindən – Trampdan (artıq “topal ördəyə” çevrilmiş olması səbəbi ilə) əsasən məhrum olacaq.

Üçüncüsü, Tramp qlobal miqyasda dünya ticarətinə dağıdıcı təsir göstərən ”rüsum/tarif cəzaları” siyasətindən, demək olar ki, məhrum ediləcək (bunu Konqres edəcək) və bu, dünya ticarətinə, o cümlədən AB və Çinlə ticarətə müsbət təsir göstərəcək.

Dördüncüsü, ümumiyytlə dünyada, dünya siyasətində Trampla bağlı yaranmış böyük qeyri-müəyyənlik durumu tədricən aydınlaşmağa, müəyyənləşməyə başlayacaq.

-Bəs bütün bu proseslər Azərbaycana necə təsir göstərəcək?

-Azərbaycana təsir həm birbaşa, həm də dolayı yollarla artacaq. Kollektiv Qərbin – ABŞ, BB, AB, Türkiyə və İsrailin ölkəmizə təsirinin, əsasən müsbət təsirinin artacağını düşünürəm.

TRİP layihəsinə görə faktiki regional və qonşu dövlət olmuş, Azərbaycanla Ermənistan arasında sülh prosesinə vasitəçiliyi üzərinə götürmüş ABŞ-nin, “Bir kəmər, bir yol” layihəsinə görə Çinlə bir yola çıxmış, Türkiyəni və respublikamızı strateji tərəfdaş seçmiş BB-nin, Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin açılmasında və inkişafında, eyni zamanda enerji, nəqliyyat və logistika məsələlərində, eləcə də Ermənistanla bağlı proseslərdə Türkiyə və Azərbaycanla daha sıx əməkdaşlıq etməkdə maraqlı olan, ölkəmizin neft və qaz ixracının əsasən yönəldiyi Avropa İttifaqının, təbii və rəsmi müttəfiqimiz olan qardaş Türkiyənin, həmçinin xüsusi strateji münasibətlərdə olduğumuz (xüsusilə də hakim elitanın) İsrailin regional inkişafa, o cümlədən Azərbaycanın inkişafına müsbət təsirinin davam edəcəyi və artacağı gözləniləndir. Çünki bunlarla birlikdə, bütün bu güclərin hər biri Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış da əldə etmək istəyir.

Yeri gəlmişkən, burada Azərbaycana təsir baxımından BB-Türkiyə, BB-Çin, İsrail-RF və RF-İİR xüsusi dərin strateji münasibətləri və əlaqələri də gözardı edilməməlidir.

-Sülhəddin bəy, yeri gəlmişkən, ötən həftə Böyük Britaniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu, münasibətlərin 35 illik tarixində uzun müddətdən sonra baş verən mühüm hadisədir...

-Xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra mən xarici siyasətlə bağlı bir sıra təkliflərlə çıxış etmişdim. Bildirmişdim ki, Azərbaycan müəyyən strateji addımlar atmalıdır. Qardaş Türkiyə ilə artıq müttəfiqlik sazişimiz var. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası, Böyük Britaniya ilə isə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Və mən atılan bütün bu strateji addımları müsbət qiymətləndirirəm.

Gözləntim odur ki, Avropa İttifaqı və NATO ilə strateji sazişlər yenilənsin, Pakistanla və İsraillə də strateji tərəfdaşlıq sazişləri imzalansın. Mövcud strateji və geopolitik durum nəzərə alınmaqla, sonuncunu hazırda təxirə salmaq da olar.

Hələlik türkçü inkişaf xəttini, qardaş Türkiyə ilə birlikdə Anqlosakson xətti ilə yaxınlaşmanı, xüsusilə də Böyük Britaniya ilə rəsmi strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını müsbət qiymətləndirirəm.

Bu, həm Böyük Britaniya ilə əlaqələrin inkişafına birbaşa müsbət təsir göstərəcək, həm də Türkiyə-Azərbaycan münasibətlərinə və Türk Dövlətləri Təşkilatının inkişafına müsbət təsir edəcək.

Çünki Böyük Britaniya “Qlobal Britaniya” geopolitik layihəsini təkbaşına həyata keçirmək gücündə deyil. Onun Türkiyəyə və türk dövlətlərinə böyük ehtiyacı var. İstəsə də, istəməsə də, bizim Turan layihəmizi dəstəkləmək məcburiyyətindədir. Mərkəzi Asiyaya -Türküstana açılan Orta Dəhlizin də əsas təşəbbüskarının London olduğunu nəzərə alsaq, London-Ankara-Bakı xəttində münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyini düşünürəm. Bu, həm Ermənistanla sülh sazişinin əldə olunmasına, həm də Zəngəzur dəhlizinin – Turan yolunun açılması perspektivinə müsbət təsir göstərəcək.

Təbii ki, Böyük Britaniya da, ABŞ da, Avropa İttifaqı da geosiyasətdə tarixin coğrafi oxunun – Heartlandın, yəni Avrasiyanın mərkəzinin strateji əhəmiyyətini dərk edir. Bu coğrafi-siyasi məkanın mərkəzi isə Mərkəzi Asiya – Türküstandır. Fikrimcə, biz də bunu mütləq nəzərə almalıyıq.

Mövcud strateji və geopolitik durumda Mərkəzi Asiyaya – Türküstana çıxış məhz Azərbaycan üzərindən mümkündür. BB və AB-nin Rusiya ilə geopolitik və geostrateji qarşıdurmada, hibrid müharibədə (əslində strateji savaşda), ABŞ və İsrailin isə İranla müharibə vəziyyətində olduğunu da nəzərə alsaq, hazırda Cənubi Qafqaz Türküstana çıxış baxımından yeganə dar strateji keçid rolunu oynayır. Bu keçidin şərq hissəsi isə Azərbaycan Respublikasının ərazisidir.

Buna görə də Böyük Britaniya, ABŞ, Avropa İttifaqı, Türkiyə və İsrailin, ümumilikdə Mərkəzi Asiyaya – Türküstana çıxış əldə etmək istəyən Qərb dövlətlərinin Azərbaycana ehtiyacı var. Bu səbəblə də yaxın perspektivə optimist baxıram. Amma burada İran və Rusiya kimi mənfi, dağıdıcı amilləri də unutmamalıyıq.

Eyni zamanda bir məsələni də xüsusi qeyd etməliyik. Rusiyanın Ukrayna bataqlığına, “strateji tələ”sinə düşməsini nəzərə alsaq, Moskva Cənubi Qafqazda dağıdıcı rol oynamaq baxımından birinci yeri – velosipedçilərin yarışında istifadə olunan “sarı maykanı” – İrana verə bilər. Yəni İrana kart-blanş verə, bu rolu oynamaq üçün sərbəstlik tanıya bilər. Məni narahat edən məqam budur. Amma burada da Çin amili balanslaşdırıcı rol oynayaraq bizim köməyimizə gələ bilər. Bunu da nəzərə almaq lazımdır.

Elçin Rüstəmli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol