Menu

Bakıda kirayə mənzillər niyə bahalaşır? - Qiymətləri qaldıran SƏBƏB

19.11.2026, 16:55
Bakıda kirayə mənzillər niyə bahalaşır? - Qiymətləri qaldıran SƏBƏB

Bakıda mənzil kirayəsi qiymətlərinin yüksək olması vətəndaşların əsas sosial problemlərindən biri olaraq qalır. Paytaxtda kirayə mənzilə tələbatın davam etməsi, daşınmaz əmlak bazarında qiymətlərin artması və yeni mənzillərin baha olması kirayə haqlarının aşağı düşməsinə imkan vermir. Xüsusilə gənc ailələr, tələbələr və paytaxtda işləyən şəxslər üçün münasib qiymətə mənzil tapmaq getdikcə çətinləşir. Bir sıra ərazilərdə kirayə haqları ailə büdcəsinin əhəmiyyətli hissəsini təşkil edir. Bəs kirayə bazarında qiymətlərin enməsinə mane olan əsas səbəblər hansılardır? Bakıda mənzil kirayəsi daha da bahalaşa bilərmi və qiymətlər hansı həddə qədər yüksələ bilər?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən daşınmaz əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mənzillərin kirayə qiymətləri adətən onların satış dəyərinin təxminən 0,5 faizi səviyyəsində müəyyən olunur. Başqa sözlə, satış qiyməti 100 min manat olan mənzilin aylıq kirayəsi orta hesabla 500 manat civarındadır. Son illər, xüsusilə də Bakıda yaşayış əmlakının satış qiymətlərindəki kəskin bahalaşma kirayə bazarına da birbaşa təsir göstərib və qiymətləri ciddi şəkildə artırıb:


"Digər tərəfdən, paytaxtda Baş plana uyğun aparılan genişmiqyaslı söküntü işləri köhnə çoxmənzilli binaların və fərdi yaşayış massivlərinin ləğvinə səbəb olur. Bu proses həmin ərazilərdəki mənzillərin kirayə bazarından birdəfəlik çıxması deməkdir. Bakının 2040-cı ilədək nəzərdə tutulan Baş planı icra olunduqca paytaxtda yüzlərlə köhnə bina və fərdi ev söküləcək, nəticədə əhali, xüsusən də az təminatlı ailələr üçün əlçatan kirayə mənzillərin sayı kəskin azalacaq. Üstəlik, köhnə binaların yerində özəl şirkətlər tərəfindən yeni binaların tikilməsi bazardakı qiymət fərqini daha da dərinləşdirir; yeni tikililərdə kirayə haqları köhnə binalarla müqayisədə təxminən iki dəfə bahadır. Söküntü zamanı evlərini müvəqqəti tərk edən sakinlərin əksəriyyəti yeni mənzillərinə köçənədək, yəni orta hesabla üç il ərzində kirayə mənzillərə üz tutur. Bu da bazarda əlavə tələbat yaradaraq mənzil qıtlığını daha da artırır. Yaranan vəziyyət kirayədə yaşayan tələbələrin durumunu da xeyli ağırlaşdırır. Gələcəkdə köhnə tələbə yataqxanalarının sökülərək yerində müasir, hündürmərtəbəli yataqxanaların inşa edilməsi tələbələrin mənzil problemini həll edə bilər. Bu addım kirayə bazarına yönələn tələbatı azaltsa, qiymətlərin müəyyən qədər enməsinə də şərait yaradar".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol