Menu

Bu gün Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçirilir - KRİTİK TOPLANTI

12.01.2015, 11:02
Bu gün Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçirilir - KRİTİK TOPLANTI

Ağ Ev Bakı ilə münasibətlərin gələcəyinə dair hansı qərarı verəcək?

Bu gün Vaşinqtonda Azərbaycandakı vəziyyətə həsr olunmuş dinləmələr keçiriləcək. “Azərbaycanda müstəqil səslərin susdurulması” adlı müzakirələr ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil olunacaq.

Təşkilatın saytında yayılan məlumatda deyilir ki, Azərbaycanda bu vaxta qədər olmayan səviyyədə müxalif düşüncəli insanlara qarşı repressiya siyasəti aparılır: ““Bu gün Azərbaycanda müxalif düşüncəli insanlara qarşı görünməmiş miqyasda repressiyalar həyata keçirilir, jurnalistlərin, hüquq müdafiəçilərinin, fəalların həbsi qorxu atmosferi yaradır. Yaranmış vəziyyət bizi belə bir tədbiri təşkil edərək, Azərbaycandakı mövcud şəraiti və çıxış yollarını müzakirə etməyə vadar edir”.

Dinləmələrdə Massaçusets Universitetinin professoru Odri Alştadt, ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu, REAL Hərəkatının Idarə Heyətinin üzvü Altay Göyüşov, NED-in Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoyun çıxışları gözlənilir.

Qeyd edək ki, Bakı-Vaşinqton münasibətlərindəki gərginlik uzun müddətdir davam edir. Rəsmi səviyyədə bu, özünü aşkar büruzə verməsə də, gerçəklik belədir ki, son səslənən ittihamlar və qarşılıqlı bəyanatlar, bu bəyanatlardakı sətiraltı məqamlar, bütövlükdə mövcud şərtlər əks-qənaət üçün əsaslar saxlamır.

ABŞ dövlət katibi Con Kerrinin prezident İlham Əliyevə ötən il dekabrın 21-də etdiyi telefon zəngi də göstərdi ki, Birləşmiş Ştatlar indiki vəziyyətdən, ələlxüsus, Bakının rusiyayönlü ritorikasından narahatdır.

Doğrudur, bu cür ritorika ölkə başçısının deyil, daha çox bəzi məmurların dilindən səslənir, ancaq iş ondadır ki, münasibətlərin durumuna dəlalət edən başqa bir nüans da var: bu da odur ki, Amerikada ilk dəfə olaraq, qeyri-rəsmi səviyyədə də olsa, hakimiyyətə qarşı sanksiyalar tətbiqinə çağırışlar səslənməyə başlayıb.

Məhz bu fonda ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu ölkəmizdəki durumu müzakirəyə çıxarması münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

Qeyd edək ki, bundan əvvəl də AZAD təşkilatı Vaşinqtonda Azərbaycandakı vəziyyətlə bağlı dinləmələr keçirmişdi. Bəzi ekspertlər hesab edir ki, beynəlxalq aləmin Azərbaycan hakimiyyətinin apardığı repressiv siyasətə sərt təpkilər verdiyi ərəfədə ard-arda Vaşinqtonda dinləmələr keçirilməsi Bakı üçün yaxşı heç nə vəd etmir. Ehtimal olunur ki, bu tədbirlərin nəticəsi olaraq hakimiyyət Qərbin ciddi addımları ilə üzləşə bilər. Bu sırada əlbəttə ki, ilk olaraq maliyyə sanksiyaları gəlir. Yada salaq ki, ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer Azərbaycan hakimiyyətinə sanksiya tətbiq edilməsilə bağlı ABŞ administrasiyasına çağırış edib. Kramerin bu çağırışı hələ də gündəmdədir. Ekspertlər fikrincə, dinləmələr də əslində bu çağırışın reallaşması istiqamətində atılan addımlardan biridir.

"Yeni Müsavat" qəzeti bildirir ki, ABŞ-da QHT-lər səviyyəsində belə tədbirlər vaxtaşırı keçirilsə də, bu dəfə məsələni maraqlı edən 2 mühüm cəhət var. Biri odur ki, budəfəki məruzəçilər sırasında dövlət katibinin müavininin köməkçisi, Azərbaycan iqtidarına qarşı sərt mövqeyi ilə seçilən və dəfələrlə Bakıya buraxılmayan Tomas Melia da var. Bu amil, üstəgəl, dinləmələrin Kerrinin Bakı zəngindən az sonraya təsadüf eləməsi həm müzakirələrə, həm də ikitərəfli münasibətlərə xüsusi çalarlar vermək gücündədir.

Əgər Melia həqiqətən də tədbirə qatılıb, Azərbaycan iqtidarının ünvanına ittihamlar səsləndirsə, demək, eyni zamanda, Ağ Evin mövqeyini, lap dəqiqi, onun Bakıdan narazılığını ortaya qoymuş olacaq. Bu, həmçinin, o anlama gələcək ki, Bakı-Vaşinqton münasibətlərində gərginlik qalır.

Görünür, Azərbaycan iqtidarı da vəziyyətin ciddiliyinin fərqindədir. Hər halda, 12 yanvar müzakirələri ərəfəsində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Amerikadakı “Bloomberg” agentliyinə verdiyi geniş müsahibədəki nisbətən yumşaq ton buna kövrək dəlil sayıla bilər.

Hakimiyyət rəsmisinin müsahibəsinin ümumi məğzi bundan ibarətdir ki, ABŞ-Azərbaycan münasibətləri heç də media orqanlarında təqdim olunduğu kimi gərgin, dramatik deyil. İqtidar yetkilisi deyib ki, bu münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Sitat: “Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir”.

Bəzi ekspertlər Bakının ənənəvi sərt ritorikadan qismən geri çəkilməsini tərəflər arasında son vaxtlar müşahidə olunan soyuq münasibətlərin normallaşmağa üz tutmasının təzahürü kimi dəyərləndirir. “Bu, ən azından Azərbaycan hakimiyyətinin münasibətlərin istiləşməsini istədiyinin nümayişidir. Hər halda görünən odur ki, hər iki tərəfdən münasibətlərin düzəldilməsi istiqamətində siyasi iradə nümayiş etdirilir” - deyib təhlilçilərdən biri.

Lakin belə bir iradənin nə dərəcədə güclü olduğu, sözsüz ki, Vaşinqtonda bu gün keçirilməsi nəzərdə tutulan dinləmələr və bu dinləmələrdəki atmosferdən bilinəcək. Tədbir, yəqin ki, baş tutacaq, ancaq müzakirələrə Dövlət Departamenti rəsmisi qatılıb Azərbaycan hakimiyyəti haqda sərt fikirlər söyləyəcəkmi?

Əsas sual budur. Bu sualın cavabına, yəqin ki, həm də Azərbaycan prezidenti İlham Əliyevin ilin yekunlarına dair müşavirədə (dinləmələrə cəmi 2-3 gün qalmış) söylədiyi aşağıdakı fikir də təsirsiz ötüşməyəcək. Sitat: “Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarı, haqqı yoxdur, ola bilməz... Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir”.

Rasim

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol