Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları azalıb. Yerli ekspertlər bunu Rusiyada baş verən və davam etməkdə olanm iqtisadi böhranla əlaqələndirirlər. İqtisadçı Samir Əliyev bildirir ki, Rusiya böhranına görə Mərkəzi Bank ehtiyatının 10 faizini itirib: “ Gözlənildiyi kimi, 2014-cü ildə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 2,3 faiz azalıb. Ehtiyatların həcmi il ərzində 14152,0 milyondan 13758,3 milyon dollara düşüb. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 5-ci aydır azalma tendensiyası nümayiş etdirir. İyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub - 15193 milyon dollar. Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayı 1238 milyon dollar itirib.

MB-nin valyuta ehtiyatının azalmasının əsas səbəbi Rusiya amilidir. Rusiyada rublun ucuzlaşması həmin ölkədə daşınmaz əmlakın dəyərini ucuzlaşdırdı. Azərbaycanlı sahibkarlar kütləvi şəkildə öz vəsaitlərini dollara çevirərək Rusiyanın əmlak bazarına yönəltdilər. Dekabr ayı manat üçün çox gərgin keçdi. Mərkəzi Bankın gündəlik intervensiyası manatı saxlaya bildi. Mərkəzi Bank təkcə dekabrda bazara 1,2 milyarddan çox dollar çıxartmaq məcburiyyətində qaldı. Rusiya böhranı noyabr-dekabr aylarında Mərkəzi Bankın ehtiyatlarının 10 faizini itirməsi ilə nəticələndi”.

Ekspertin sözlərinə görə, bu il manatı çətin sınaq gözləyir: “Proqnozlaşdırdığımız kimi 2015-ci il manatı sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatını xərcləməli olacaq. Bu işə təbii ki, Neft Fondu da qoşulaşacaq. Neft Fondunun da aktivlərində azalma müşahidə ediləcək. İstənilən halda hər şey asılı olacaq dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən”.

İqtisadçı Rövşən Ağayev isə sosial şəbəkədə faktla bağlı bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatları son 4 ayda 9,5 faiz əriyib: “Hökumətimiz dönə-dönə deyir ki, ətrafımızda baş verən iqtisadi böhranın, sarsıntıların bizə heç bir təsiri yoxdu. Amma Azərbaycan Milli Bankının valyuta ehtiyatları son 4 ayda 9,5 faiz və ya 1,435 milyard dollar əriyib. Təbii ki, buna səbəb manatı qorumaq olub. Əgər doğrudan da iqtisadiyyatımıza heç bir neqativ amillərin təsiri yoxdursa, valyuta rezervlərinin əriməsinin səbəbi nədir? İqtisadiyyat da insan orqanizmi kimidi - diaqnostika dəqiq olmalı və gizlədilməməlidir”.