Menu

Rusiya Ermənistana məhəl qoymadı

15.01.2015, 11:20
Rusiya Ermənistana məhəl qoymadı

Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü öldürməkdə günahlandırılan rus əsgər həbs edilib.

ANS PRESS-in məlumatına görə, Valeri Permyakov yanvarın 14-də Gümrüdəki hərbi bazada həbs edilib. Həbs qərarı Rusiyanın 5-ci qarnizon məhkəməsi tərəfindən verilib. Ona qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Qeyd edək ki, daha öncə Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırmışdı. Komitədən bildirilmişdi ki, onun Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb edilməsi qərara alınıb. Yəni ermənilər Permyakovu Ermənistanda mühakimə etmək istəyirdi, amma gözlənildiyi kimi Moskva buna razılıq vermədi.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Rusiya sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Xatırladaq ki, hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol