Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org-un verdiyi məlumata görə, məhkəmə prosesinə hakim Eldar İsmayılov sədrlik edib.
Məhkəmə prosesində R.Cəfərovun vəkili Fariz Namazlı vəsatət qaldıraraq, ittihamların əsassız olduğunu, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını, məhkəmədə video və audioçəkilişlərin aparılmasına icazə verilməsini və R.Cəfərovun dəmir barmaqlıqlar arxasından çıxarılmasını tələb edib.
Lakin hakim vəsatətləri təmin etməyib. Təmin edilən yeganə vəsatət əlavə sənədlərin cinayət işinin sənədlərinə əlavə edilməs ilə bağlı olub.

Prosesi izləyənlər arasında Polşa, Fransa, Almaniya, Norveç və İngiltərə səfriliklərinin nümayəndələri, habelə Milli Şuranın sədri Cəmil Həsənli də olub. Məhkəmə yanvarın 27-nə təxirə salınıb.
Qeyd edək ki, R.Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən R.Cəfərov barəsində həbs-qətimkan tədbiri seçilib.
İstintaq dövründə R.Cəfərova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham da elan olunub.
[gallery columns="5" ids="86053,86054,86055,86056,86057"]


Şərhlər