Bu gün - yanvarın 16-da Dərbənd administrasiyasının eyni adlı rayonunun (“Dərbənd rayonu” bələdiyyəsi) rəhbərinin səlahiyyətlərini icra edən Yəhya Hacıyev vəzifədən gedib.
Virtualaz.org saytının Dağıstandakı müxbiri xəbər verir ki, Hacıyev kollektivi yığıb, onlara birgə işə görə təşəkkür edib və səbəbini izah etmədən bildirib ki, tutduğu vəzifədən gedir.
Yəhya Hacıyev ötən ilin noyabrında Dərbənd rayonunun rəhbəri Qurban Qurbanovun vəzifədən uzaqlaşdırılmasından və barəsində cinayət işi qaldırılmasından sonra onun səlahiyyətlərini icra etməyə başlayıb.
Məlumata görə, Yəhya Hacıyevin səlahiyyətlərini onun birinci müavini Əli Xasbulatov icra edəcək.
Yəhya Maqomedrəfiyeviç Hacıyev Dərbənd rayonu başçısının səlahiyyətlərini icra edənə qədər kənd təsərrüfatı kooperativinə rəhbərlik edib. Onun vəzifədən getməsinin səbəbləri açıqlanmır.
Bir gün əvvəl hüquq-mühafizə orqanları Dərbənd rayonu administrasiyasının binasında axtarış aparmışdılar və administrasiyanın torpaq və əmlak məsələləri İdarəsinin rəhbəri Kamil Seyidovu dindiriblər. K.Seyidov Q.Qurbanova yaxın fiqurlardan biridir.
Xatırladaq ki, yanvarın 12-də Dərbənd meri (Dərbənd inzibati dairəsinin bələdiyyə şurasının rəhbəri) İmam Yarəliyev vəzifəsindən gedib və şəhərə yeni statusda-xalq deputatları sovetinin rəhbəri kimi rəhbərlik etməyə başlayıb.


Şərhlər