Ermənistan tərəfi yanvarın 19-dan 20-nə keçən gecə təmas xəttinin bir neçə istiqamətində şiddətli atışmaların olduğu haqda xəbər yayıb.
Virtualaz.org saytı xəbər verir ki, Qarabağdakı separatçı rejimin “müdafiə nazirliyi” Azərbaycan silahlı qüvvələrinin “8 diversiya-kəşfiyyat həmləsi etdiyini, lakin bu cəhdlərin qarşısının alındığını” iddia edir.
Eyni zamanda bildirilir ki, atışma zamanı erməni qüvvələrinin 1995-ci ildə anadan olmuş hərbi qulluqçusu Piliposyan Suren Xaçikoviç öldürülüb. İnsindetin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilmir.
Son zamanlar erməni tərəfi az qala hər gün Azərbaycan ordusunun “diversiya həmlələri” haqda xəbərlər yayır və hər dəfə bildirilir ki, qarşı tərəf itki verərək geri çəkilib. Həmçinin Erməni tərəfi itkilərini də qismən açıqlayır. Bundan əvvəl Qazax rayonu ilə həmsərhəd Voskepar kəndində Ermənistan ordusunun əsgəri öldürülmüşdü. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu məlumatları təkzib edir və bildirir ki, ordumuz təmas xəttində diversiya əməliyyatları həyata keçirmir, düşmənin atəşkəsi pozmasına cavab verir və təmas xəttində vəziyyəti nəzarət altında saxlayır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni mətbuatı növbəti dəfə öz qeyri-döyüş itkilərinə haqq qazandırmaq, cəbhədə vəziyyəti gərginləşdirmək və günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq məqsədilə, eyni vaxtda Azərbaycan Silahlı Qüvvələrinin itki verərək geri çəkilməsi barədə dezinformasiya xarakterli məlumatlar yayır.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.
Qeyd edək ki, dekabrın sonlarından başlayaraq Ermənistan qüvvələri təmas xəttində tez-tez itki verir və son 3-4 həftədə düşmənin rəsmən açıqlanan itkilərinin sayı azı 7 nəfərdir.


Şərhlər