Ötən həftə Ermənistanın Gümrü şəhərində amansız qətl qurbanı olmuş Avetisyan ailəsinin son, yeddinci, üzvü altıaylıq Seryoja bazar ertəsi Yerevan xəstəxanasında dünyasını dəyişib. Bu gün onun meyiti Gümriyə aparılmalıdır.
Lakin altıaylıq Seryojanın meyiti Gümrüyə çatmamış, Ermənistan polisi şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tədbirləri görüb.
Yerli mətbuat hüquq-mühafizə orqanlarının yanvarın 15-də Avetisyan ailəsinin dəfn edilmməsindən sonra çoxminli etiraz aksiyasının təkrarlanmasından ehtiyatlandığını ehtimal edirlər.
Lakin polisin mətbuat xidməti bir neçə polis birləşməsinin Gümrüyə göndərilməsini orada Rusiya hərbi bazası, hərbi qarnizonu və Rusiyanın konsulluq binası ətrafında keşik xidməti çəkən həmkarlarını əvəz etməyə göndərildiklərini bildirib.
BBC Azərbaycancanın hazırda Gümrüdə olan müxbiri saat 18 radələrində şəhərə 20-dən çox polis avtobusu daxil olduğunu bildirir.
Ötən həftə Gümrüdə yerləşən Rusiya hərbi bazası və Rusiya konsulluğu istiqamətində yürüş polis qüvvələri ilə şiddətli toqquşma ilə başa çatıb.
Nümayişçilər Avetisyan ailəsini qətlə yetirməkdə şübhəli bilinən Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun Ermənistan məhkəməsinə təhvil verilməsini tələb edirlər.
Valeri Permyakov 102-ci Rusiya hərbi bazasının ərazisində saxlanılır.
Hazırda Gümrüdə vəziyyət sakitdir və onun gərginləşəcəyini ehtimal etməyə əsas verən heç əlamət yoxdur.
Bu gündən Gümrüdə Rusiya konsulluğuna keşik çəkən polisin sayı artırılıb və onlar avtomatla silahlandırılıb
Lakin Gümrü şəhər Ağsaqqallar Şurasının üzvü Levon Barseğyan balaca Seryojanın ölümü vəziyyətin kəskin şəkildə gərginləşməsinə gətirə biləcəyini deyir.
Hazırda vəziyyət sakit də olsa, Rusiya Federasiyasına məxsus idarə və təşkilatlara keşik çəkən polisin sayı xeyli artırılıb. Bəziləri avtomatla silahlanıb.
Uşağın yanvarın 21-də öz doğmalarının yanında dəfn ediləcəyi bildirilir.
Altıaylıq Seryoja Avetisyanın ölüm xəbəri alınandan sonra yüzlərlə Gümrü sakini gecə yarısınadək Avetisyan ailəsinin möhürlənmiş darvazası önündə şam yandırmağa toplaşıb.


Şərhlər