Menu

Prokurorluq Gültəkin Hacıbəylini şərləyən qadını himayə edir?

01.12.2013, 17:36
Prokurorluq Gültəkin Hacıbəylini şərləyən qadını himayə edir?

Rüstəm Usubov Aynur Mehdiyevaya qarşı insan alveri ittihamını niyə imzlamır?

Milli Şuranın komissiya sədri, sabiq deputat Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin şərləmə, böhtan və məhkəmə təqibləri davam edir. Hakimiyyət bu məqsədlə Gültəkin xanımın 9 il öncə ayrıldığı və prokurorluq orqanlarından bu orqan işçisinə yaraşmayan hərəkətlərə görə 3 il əvvəl qovulmuş keçmiş həyat yoldaşı Mahmud Mehdiyevdən və bacısı Aynur Mehdiyevadan istifadə edir.

Xatırladaq ki, Aynur Mehdiyevanın əməlləri bu ilin iyun ayının 13-də Daxili İşlər Nazirliyin həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində ifşa edilmidi. O, Dubaydan dayə kimi gətirdiyi və ilk gündən pasportunu əlindən alaraq azadlığını məhdudlaşdırdığı filippinli qadına işgəcə verir, bütün ailənin gözü qarşısında döyür, ac saxlayır, gün ərzində 21-22 saat işlədirmiş. İnsan alveri cinayətinə aid olan faktlar açıq şəkildə ortada olsa da, DİN faktla bağlı cinayət işini yalnız dörd ay sonra - oktyabr ayında açıb. Filippin vətəndaşı Cinayət Məcəlləsinin iki maddəsi 144.2 və 144.1.2.8 maddələri ilə zərərçəkən kimi tanınsa da, bügünədək Aynur Mehdiyevaya qarşı ittihamın irəli sürülməsi yubadılır. Xatırladaq ki, CM-in 144.1.2.8 -ci maddəsinə görə zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə insan alverinə görə ağır cəza - 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məlumatlı mənbədən əldə etdiyimiz xəbərə görə, bu cinayət işi geniş beynəlxalq rezonans doğurub və bir çox beynəlxalq təşkilatların, diplomatik korpusun nəzarətindədir. Məhz adının ciddi beynəlxalq hesabatlarda insan alveri cinayətlərinin gizlədilməsində hallanmaması üçün DİN bu işin istintaqının obyektiv aparılmasında maraqlıdır. Lakin, mənbəmiz DİN-in müstəntiqi tərəfindən tərtib edilən və Aynur Mehdiyevaya qarşı CM-in 144.2 və 144.1.2.8-ci maddələri ilə cinayət təqibini nəzərdə tutan ittihamnamənin bir neçə dəfə Baş Prokurorun müavini Rüstəm Usubov tərəfindən rədd edildiyini və cinayət istintaq işinin materialları ilə sübut olunduğu halda "əlavə sübutlar" istənildiyini bildirir.

Mahmud Mehdiyevi üç il öncə aşağılayıcı ittihamlarla sıralarından xaric edən Baş Prokurorluğun indi həmin ailənin digər bir üzvünə belə açıq dəstəyi, eləcə də, DİN-in uzun müddət cinayət işinə başlamaqdan yayınması, yəqin ki, bu hüquq-mühafizə orqanlarının Mehdiyevlərə olan sevgisindən qaynaqlanmır. Bu, daha çox siyasi hakimiyyətin Mehdiyevlər ailəsini Gültəkin Hacıbəyliyə qarşı kampaniyada oynadıqları rollara görə mükafatlandırmasıdır. Mənbəmizin sifarişlərin Prezident Administrasiyasının rəhbərliyi səviyyəsində verilməsini iddia etməsi də bu ehtimalları təsdiqləyir.

Aynur Mehdiyeva tərəfindən bir ildən artıq müddətdə zorakılığa və istismara məruz qalan filippinli qadının iztirabları isə davam etməkdədir. O, altı aydır ki, DİN-in sığınacağından nadir istisnalarla, kənara çıxa bilmir, işləməsinə icazə verilmir. DİN bunu Mehdiyevlərin aqressiv davranışı və miqrant xanımın təhlükəsizliyi ilə əsaslandırır. Lakin, məqsəd, onu mənən tükətməklə iddiasından imtinaya məcbur etmək və Aynur Mehdiyevanı məsuliyyətdən azad etmək də ola bilər.

Aynur Mehdiyeva isə əməlinə görə məsuliyyət daşımaq əvəzinə, üzərinə qoyulan "daha ciddi işlə" - Gültəkin Hacıbəylini şərləməklə məşğuldur. Məhz onun və qardaşının saxta iddisı əsasında Yasamal rayon məhkəməsində Gültəkin Hacıbəyliyə qarşı əsassız cinayət təqibi davam edir.(azadlıq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol